Himayədar ailə üzrə idarəetmə və xidmətlər e-infrastruktur üzərindən həyata keçiriləcək

Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli Fərmanın
icrası işləri çərçivəsində “Himayədar ailə” qayğı modeli üzrə
idarəetmə və xidmətlər e-infrastruktur üzərindən həyata
keçiriləcək.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn
himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə”
altsistemində yeni fuksional imkanlar yaradılmaqla bu e-sistem bu
ilin noyabr ayının 1-dək təkmilləşdiriləcək.

Himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin
(şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu
həmin altsistem vasitəsilə elektron qaydada aparılacaq. “Himayədar
ailə” qayğı sisteminin fəaliyyətinin bütün mərhələləri üzrə
məlumatlar altsistemə daxil ediləcək, himayədar ailə üzrə xidmətlər
elektron qaydada təqdim olunacaq.

Altsistemdə təkmilləşdirmələrin növbəti istiqaməti kimi qeyd
olunan kateqoriyadan olan uşaqlarla bağlı bütün proseslər (həmin
uşaqların müəyyən edilərək müəssisələrdə yerləşdirilməsi, sosial
dəstək mexanizmlərinin tətbiqi vasitəsilə onların müəssisələrdən
ailələrinə qaytarılması, yaxud himayədar ailəyə verilməsi, müvafiq
kateqoriyadan olan uşaqların müəssisələrə düşməsinin qarşısının
alınması) bu e-sistemə inteqrasiya ediləcək.

Bütün bunlar qeyd edilən sahədə müasir və çevik, şəffaf
idarəçilik və xidmətlərin formalaşmasına imkan verəcək.


“Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə”
altsistemində qeyd edilən təkmilləşdirimə işlərinin aparılması ilə
əlaqədar Nazirlik tərəfindən funksional tələblərin hazırlanması
prosesi davam edir.

Xatırladaq ki, himayədar ailə institutu uşaqlara qayğı
sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olmaqla,
dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə
ailə mühitində yaşamalarına və bununla onların inkişafına şərait
yaradılmasını nəzərdə tutur.

Dövlət başçısının qeyd edilən Fərmanına əsasən, himayədar ailə
sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti 2022-ci il
noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən həyata keçiriləcək.

Teqlər: