Xəbər - Fərid Zöhrabov -Trend:
Azərbaycana idxal edilən bir sıra hibrid avtomobillərin idxalı və satışı vergidən azad edilir. Bu barədə məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Bununla bağlı Trend-ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib ki, hibrid maşınların vergidən azad edilməsi ətraf mühitin qorunması üçün atılan addımlardan biridir.
Onun sözlərinə görə, ölkəmizə elektrik mühərrikli avtomobillər az gətirilir: “Səbəb isə həmin avtomobilin ehtiyat hissələrinin, servis xidmətinin, usta bazasının hələ tam formalaşmamasıdır. Hibrid avtomobillərə maraq böyükdür. Ölkəmizdə hibrid avtomobil alıcıları, əsasən, istehsal tarixi 2000-2010-cu ilə aid olan hibrid avtomobilləri alırlar. Onların qiyməti daha ucuz başa gəlir. Vergi Məcəlləsində sözügedən dəyişiklik baş tutandan sonra vətəndaşlar arasında yeni hibrid maşınlar almağa maraq artacaq. Ona görə də elektomobil və hibrid avtomobillərin qiymətlərinin aşağı düşməsi gözlənilir”.
Qeyd edək ki, məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.
Bundan əlavə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.