Heydər Əliyev çoxmillətli SSRİ üçün məhvedici olmuş erməni
millətçiliyinə müqavimət göstərə bilən nadir şəxslərdən idi.
Bunu Trend-ə
rusiyalı siyasi analitik, “Natsionalnaya oborona” jurnalının baş
redaktoru İqor Korotçenko deyib.
O qeyd edib ki, Heydər Əliyev iki dəfə Sosialist Əməyi
Qəhrəmanı, işgüzar, məqsədyönlü şəxs və ən uğurlu rəhbərlərdən
olub.
“Heydər Əliyev Azərbaycan tarixində irimiqyaslı şəxsiyyətdir.
Hələ Sovet İttifaqı dövründə Heydər Əliyev dövlət rəhbərliyi
sistemində ən vacib vəzəifələrdən olan SSRİ Nazirləri Şurası
sədrinin birinci müavini vəzifəsini tutub. Buna qədər o, Azərbaycan
SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edib və qurumu
ittifaq komitələri sistemində ən yaxşılardan birinə çevirib. Daha
sonra o, Azərbaycana rəhbərlik edib və öz işinin nəticələri
sayəsində sovet ittifaqında ən yüksək vəzifələrə təyin edilib. Mən
əminəm ki, ittifaqa Mixail Qorbaçov yox, Heydər Əliyev rəhbərlik
etsəydi, o, bu gün mövcud olardı və yəqin ki, öz inkişafında indiki
Çin kimi nəticələr göstərərdi. Amma sovet bürokratiyasının
intriqaları, Heydər Əliyevdə özünün birbaşa rəqibini görən
Qorbaçovun paxıllığı nəticəsində Heydər Əliyev istefaya göndərildi.
Heydər Əliyev Qorbaçovun dağıdıcı kursuna, çoxmillətli SSRİ üçün
məhvedici olmuş erməni millətçiliyinə müqavimət göstərə bilən nadir
şəxslərdən idi”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, sovet ittifaqının dağılmasından sonra
Azərbaycan çətin vəziyyətə düşdü, belə ki, hakimiyyətə xalq
cəbhəsindən populistlər gəldi və onların siyasəti nəticəsində
Azərbaycan faktiki olaraq dövlətçiliyin və müstəqilliyin itirilməsi
təhlükəsi ilə üzləşdi.
“Məhz milli tarixin bu kritik məqamında Azərbaycan xalqı tələb
etdi ki, Heydər Əliyev hakimiyyətə qayıtsın və Ermənistan, erməni
separatçılar tərəfindən dağıdıcı müharibəyə məruz qalan ölkəyə
rəhbərlik etsin. Məhz bu, Azərbaycana uçuruma yuvarlanmağı
dayandırmağa və istiqamətini dəyişərək irəli addımlamağa imkan
verən dönüş nöqtəsi oldu. Təkcə Azərbaycan dövlətçiliyinin
dirçəlişi deyil, həm də Azərbaycanın neft və qaz ehtiyatlarının
dövlətin və xalqın mənafeyinə yönəltməyə imkan vermiş yeni kurs
məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin vaxtında
mühüm müqavilələr imzalanıb və onlar sayəsində bu gün Azərbaycan
enerji ehtiyatlarının dünya bazarlarına etibarlı tədarükçüsü və
Avropa İttifaqının enerji təhlükəsizliyinin qarantlarından
biridir”, – İ.Korotçenko vurğulayıb.
O qeyd edib ki, Heydər Əliyev sayəsində gənc effektiv idarəçilər
vacib vəzifələrə irəli sürüldü, Azərbaycanın siyasi elitası, siyasi
sinifi yarandı, ölkə beynəlxalq arenada öz mövqeyini möhkəmləndirdi
və Rusiya ilə çox yaxşı dostluq münasibətləri qurdu.
İ.Korotçenko əlavə edib ki, Rusiyada milyonlarla insan Heydər
Əliyevi xatırlayır və hörmət edir.
“Prezident Vladimir Putin həm ictimai, həm də qapalı tədbirlərdə
hər zaman Heydər Əliyev şəxsiyyətinə hörmətini vurğulayıb. Ona görə
də biz Rusiyada, həm də Sovet İttifaqının tarixində dərin iz qoymuş
bu görkəmli siyasi xadimi xatırlayırıq”, – deyə o bildirib.
Ekspert vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 2023-cü ildə
100 illik yubileyi təkcə Azərbaycanda yox, həm də Rusiyada geniş
miqyasda qeyd edilməlidir.
“Heydər Əliyev yeni Azərbaycanın tarixində layiqli siyasətçi,
idarəçi, irimiqyaslı şəxsiyyət olub. Fikrimcə, Heydər Əliyevin 100
illik yubileyi Rusiyada da yüksək səviyyədə qeyd olunacaq. Və
əlbəttə ki, ekspert ictimaiyyəti bu görkəmli şəxsiyyətə öz
hörmətini ifadə etmək üçün həmin tədbirlərdə iştirak edəcək”, –
İ.Korotçenko deyib.