Heydər Əliyev Mərkəzində “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabının və “Xocalı bu gün” portalının təqdimatı keçirilib (FOTO)

Fevralın 25-də Heydər Əliyev Mərkəzində Ermənistanın 1992-ci
ildə Xocalıda dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımının
dünyaya çatdırılması çərçivəsində faciənin 30-cu ildönümü ilə
əlaqədar Azərbaycan, rus, ingilis və ispan dillərində tərtib
edilmiş “Xocalı 30 il: bir soyqırımının tarixi” kitabı və 4 dildə
hazırlanmış “Xocalı bu gün” (www.khojalytoday.com) portalının təqdimatı
keçirilib.

AzerTimes xəbər verir
ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihənin
Təşkilat Komitəsinin koordinatoru Zafiq Xəlilov çıxışında indiyədək
“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası
çərçivəsində Fondun təşkilatçılığı ilə Avropa, Asiya, Afrika,
Şimali və Cənubi Amerikanın bir çox ölkələrində Xocalı faciəsi ilə
bağlı müxtəlif tədbirlərin keçirildiyini, nəşrlərin hazırlandığını
bildirib.

Layihənin işçi qrupunun üzvü Aliyə Məmmədli diqqətə çatdırıb ki,
“Xocalı 30 il: bir soyqırımın tarixi” kitabı və www.khojalytoday.com portalı Heydər Əliyev Fondunun
dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə
kampaniyası çərçivəsində hazırlanıb.

Bildirilib ki, nəşrdə Xocalı rayonu, onun coğrafiyası, təbii və
tarixi şəraiti, işğaldan əvvəlki həyat tərzi, 1992-ci ilin soyuq
qışında Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini
yerlə-yeksan etməsi, 613 nəfər sakini xüsusi amansızlıqla qətlə
yetirməsi, işgəncələrə məruz qoyması, Ermənistanın işğalı altında
olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad
edilməsi barədə məlumatlar oxuculara çatdırılır. Kitabda soyqırımın
baş verdiyi dövrdə xarici jurnalistlər tərəfindən qələmə alınan və
dünyanın bir çox aparıcı media səhifələrində nəşr edilən xəbərlər
də yer alır. Xocalı soyqırımı barədə şahid ifadələri, yerli və
xarici fotoqrafların lentə aldığı və ermənilərin Xocalıda
törətdikləri vəhşilikləri özündə əks etdirən fotolar da nəşrdə
təqdim edilir.

“Xocalı bu gün” portalında “Xocalı 30 il: bir soyqırımın tarixi”
kitabında yer alan məlumatlarla yanaşı, faciəyə dair rəsmi
sənədlər, videoçarxlar və sənədli filmlər, Xocalı soyqırımını əhatə
edən, yerli və beynəlxalq müəlliflərin qələmə aldığı kitablar, elmi
məqalələr, soyqırımı cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında konvensiya və digər hüquqi sənədlər
təqdim edilir.

“Xocalı bu gün” resurs bazası Azərbaycan, rus, ingilis və ispan
dillərində hazırlanıb. Portalın “Beynəlxalq dəstək” bölməsində bir
sıra ölkələrin Xocalı soyqırımına dair qəbul etdiyi qətnamələr,
Almaniya, Bosniya və Herseqovina, Meksika, Niderland, Türkiyədə
faciə qurbanlarının xatirəsinə ucaldılan abidələr barədə məlumatlar
verilir.

O da bildirilib ki, portalın “Öz hekayəni paylaş” bölməsi
Xocalıdan və ümumiyyətlə, vaxtilə işğal olunmuş ərazilərdən məcburi
köçkün düşmüş vətəndaşlarımızın yaşadıqları müsibətləri paylaşmaq
imkanı verir. Bu baxımdan resurs bazası həm də məcburi köçkün olmuş
şəxslərin öz hekayələrini dünya ictimaiyyətinə çatdırmaq üçün
platforma rolunu oynayır.

Təqdimat mərasimində çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya
İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham
Məmmədzadə deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!”
kampaniyası çərçivəsində Xocalı soyqırımının təbliği istiqamətində
mühüm işlər görülür. Professor 44 günlük Vətən müharibəsindəki
Qələbənin bizlərə tarixin unudulmamasını, ondan dəqiq və düzgün
qərarlar çıxarılmasının lazım olduğunu xatırlatdığını vurğulayaraq
bildirib: “İndi biz gördük ki, Xocalı soyqırımı yalnız tarix və
beynəlxalq hüquq deyil, bu, həm də Azərbaycanın müasir
siyasətidir”.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Beynəlxalq
ümumi hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rahim
Məmmədov təqdim olunan kitabın Xocalı soyqırımının dünyaya
tanıdılması istiqamətində mühüm nailiyyətlərdən biri olduğunu
bildirib. O, Xocalı soyqırımının müasir dövrdə erməni faşizminin
türklərə və müsəlmanlara qarşı nifrətinin bariz nümunəsi olduğunu
da vurğulayıb.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı Azərbaycanın ən
gözəl guşələrindən biri olan Xocalının tarixin fərqli dövrlərində
müasir tarix və mədəniyyət nümunələrini özündə əks etdirdiyini
bildirib. O, işğala qədər Xocalıda onlarla mədəniyyət, səhiyyə,
sənaye müəssisəsinin, muzey və məktəblərin fəaliyyət göstərdiyini,
işğaldan sonra isə bu müəssisələrin ermənilər tərəfindən məhv
edildiyini diqqətə çatdırıb.

Teqlər: