Autizm maarifləndirmə tədbirləri çərçivəsində aprelin 2-də
Heydər Əliyev Mərkəzində “III Beynəlxalq Autizm ABA Azərbaycan”
konfransı başlayıb.
Trend xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev
Mərkəzi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,
“Regional İnkişaf” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai
Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi autizm
sindromunun erkən aşkarlaması, müdaxiləsi üzrə xidmətlər, eləcə də
autizmli şəxslərin ömür boyu təhsil və məşğulluğunun təmin
olunmasında inklüziv və multidisiplinar yanaşmalara əsaslanan
qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, eyni zamanda,
ictimaiyyətin diqqətini bu şəxslərin problemlərinə yönəltmək,
autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək
etməkdir.
“bp Azərbaycan”, “Tekfen İnşaat”, “Beauttech” və “EKVİTA”
şirkətlərinin, Azərbaycan Otellər Assosiasiyası, “Fairmont Baku”
,”Marriott Baku Boulevard” otellərinin, “Ümid var” Xeyriyyə
Cəmiyyətinin dəstəyi ilə keçirilən konfransın açılışında çıxış edən
təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, tədqiqatlar
autizmi yalnız dərmanlar vasitəsilə sağaltmağın mümkün olmadığını
göstərir. Bu xəstəliyin əsas müalicəsi ünsiyyət və təlim, həmçinin
reabilitasiya yolu ilə həyata keçirilməlidir. O bildirib ki,
autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq çox
vacibdir.
Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini Hidayət Abdullayev sağlamlıq imkanları məhdud uşaqlara
dəstəyin verilməsinin dövlətin əsas prioritetlərindən olduğunu
vurğulayıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərə sosial ödənişlər
son 4 ildə 3,4 dəfə artırılıb. Son illərdə reabilitasiya mərkəzləri
müasir tələblərə uyğun qurulub. 2019-2020-ci illərdə 12
reabilitasiya və sosial dövlət müəssisəsi əsaslı təmir olunaraq
istifadəyə verilib.
H.Abdullayev deyib ki, Azərbaycanda əlilliyi olan şəxslərə,
sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının
artırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva böyük dəstək göstərir. Bu gün müasir
tələblərə cavab verən üç uşaq reabilitasiya mərkəzi fəaliyyət
göstərir. İl ərzində həmin reabilitasiya mərkəzlərində sağlamlıq
imkanları məhdud, eləcə də autizm sindromlu dörd minə yaxın uşaq
sosial, peşə fəaliyyətləri ilə əhatə olunur.
Səhiyyə nazirinin müavini İlqar Qasımov çıxışında dövlətimizin
xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərdiyi diqqətdən danışıb.
Həssas qruplardan olan insanların daim dövlətimizin nəzarətində
olduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin
müavini Aynur Sofiyeva qeyd edib ki, son 15 ildə nikah üzrə
autizmlə doğulan körpələrin sayında təxminən 2,5 dəfə artım olub.
Ölkəmizdə autizmlə bağlı mühüm işlər həyata keçirilir və müəyyən
nəticələr əldə olunub. Əhalinin bu istiqamətdə
məlumatlandırılmasında müsbət tendensiyalar müşahidə edilir.
A.Sofiyeva dövlətimizin sözügedən sahədə gördüyü işlərdən
danışıb. Heydər Əliyevin Fondu tərəfindən autizmli uşaqlar üçün
mərkəzin istifadəyə verildiyini xatırladıb. Deyib ki, bu, autizmli
uşaqların cəmiyyətə inteqrasiyasına, onlara dəstək verilməsinə
yardım edəcək.
Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova autizmli
uşaqlara diqqət və qayğının daha da artırılmasının vacibliyini
vurğulayıb. O, bütün sahələr kimi, autizm sahəsinin də dövlətimizin
başçısı və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət
mərkəzində olduğunu deyib. Həmçinin autizmli uşaqlara erkən
diaqnostikanın əhəmiyyətini vurğulayıb.
“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri Leyla Tağıyeva bildirib ki, ABA Azərbaycan autizm
spektr pozuntusu barədə çoxşaxəli və genişmiqyaslı maarifləndirmə
işləri aparır. Bugünkü konfrans autizmi anlamaq və anlatmaq
baxımından əhəmiyyətlidir.
“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova qeyd
edib ki, dünyada hər 44 uşaqdan biri autizm spektr pozuntusu ilə
doğulur. Buna görə də autizm bütün cəmiyyətimizin və dünyamızın
əsas problemlərindən birinə çevrilməkdədir.
Konfranda videomüraciətlə çıxış edən autizm spektr pozuntu
diaqnozlu professor Temple Qrandin öz həyatı barədə danışıb,
uşaqlıqda keçirdiyi çətinliklərdən, autizm barədə yazdığı məqalədən
danışıb və həyat təcrübələrini bölüşüb.
Təhsil məsləhətçisi Peter Qrimes Azərbaycanda bütün uşaqlar üçün
inklüziv təhsil yanaşması haqqında məlumat verib. Bildirib ki,
inklüziv təhsilin genişləndirilməsi üçün əvvəlcə inklüziv
məktəblərin qurulması vacibdir. Son 5 il ərzində ölkəmizdə
apardıqları araşdırmalar, təlimlər barədə danışan təhsil
məsləhətçisi bu sahədə təlim keçən müəllimlərin təcrübələrinin
artırılmasının vacibliyini vurğulayıb.
Digər təhsil məsləhətçisi Marieke Stevens isə Azərbaycanda
apardıqları iki tədqiqat barədə məlumat verib, statistik rəqəmləri
diqqətə çatdırıb. Azərbaycanda məhdud imkanlara malik olan uşaqlara
dəstək formalarını diqqətə çatdırıb. Həmçinin müəllimlərin
təlimlərdən keçməli olduğunu vurğulayıb. M.Stevens müəyyən
qurumların bu istiqamətdə monitorinq aparmalı olduğunu bildirib:
“Biz Azərbaycanda son illərdə inklüziv təhsillə bağlı inkişafın
olduğunu görürük. Keçən ilin noyabrında apardığımız tədqiqatlar
göstərdi ki, autizmli uşaqlara diqqət və qayğı göstərilir. Həmin
uşaqlar keçirilən təlimlərdən sonra inkişaf edir”.
Çıxış edən Biruni Universiteti, BCBA-D, “BBA” şirkətinin icraçı
direktoru Binyamin Birkan autizmli uşaqların ümumtəhsil
məktəblərinə hazırlanmasında xüsusi təhsilin əhəmiyyəti və sistemli
zəifləmə haqqında məlumat verib. O, autizmli uşaqların müxtəlif
sahələrdə inkişafının vacibliyini diqqətə çatdırıb.
Sonda “Let’s Make a Contract” kitabının təqdimatı və imzalanma
mərasimi baş tutub.
Konfransa aprelin 3-də autizmli gənc pianoçu Əlisahib Bayramovun
müşayiəti və incəsənət xadimlərinin iştirakı ilə keçiriləcək
konsert proqramı ilə yekun vurulacaq.