Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində yeni həyətin açılışında iştirak edib (FOTO)

Bakı Trend:

Aprelin 12-də İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan
həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi
çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə
verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən
tədbir zamanı keçirilmiş ağacəkmə aksiyasında iştirak edib.

AzerTimes xəbər verir ki,
yenilənmiş həyət Xətai rayonu, Rahib Məmmədov küçəsi ev 24, 26 və
Aşıq Ələsgər küçəsi 2 ünvanlarında 1300 nəfər sakinin yaşadığı 3
çoxmərtəbəli yaşayış binasını əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində
həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların
bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün
təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları
məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş
qruplarından olan insanların açıq havada istirahəti üçün əlverişli
şərait yaradılıb, o cümlədən çoxsaylı söhbətgah və oturacaqlar,
tullantılar üçün qutular quraşdırılıb. Gənclərin asudə vaxtlarının
səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma
refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol
və basketbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları,
uşaq meydançaları salınıb, velosiped yolu çəkilib.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni
işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları
tam təmir olunub, qaz, su və istilik xəttləri yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 500-ə
yaxın müxtəlif cinsli ağaclar və kollar əkilib, 2500 kvadratmetr
ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin
təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə
kameraları quraşdırılıb.

Sözügedən layihə çərçivəsində ümumi yaşayış sahələrinin
həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA
İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Teqlər: