Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu – 2022”-yə qeydiyyat başlayıb

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu
– 2022” keçiriləcək. 2016-cı ildən təşkil olunan Bakı marafonu
idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ
etmək məqsədi daşıyır.

Fonddan AzerTimes-a verilən
məlumata görə, “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə
keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil ediləcək.
Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı
Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edən marafon bu
marşrut üzrə keçiriləcək: Dövlət Bayrağı Meydanı- Dənizkənarı
bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ
şəhər bulvarı- Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8
Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi-Afiyəddin
Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir
körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi-Neftçilər prospekti
(Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft”
dairəsi),
Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu
(Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət
edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı)
Dövlət Bayrağı Meydanı.

Yarışda iştirak üçün qeydiyyat martın 25-dən mayın 10-dək davam
edəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət
mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”)
qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu – 2022”nin saytına –
www.marathon.az müraciət edə bilərlər. Qeydiyyat zamanı müvafiq
anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini
(tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini)
təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək
lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği
20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt
ünvanına yazaraq müraciət edə bilərlər.

Tələbələrin marafonda iştirakı üçün vəsaiti Heydər Əliyev Fondu
ödədiyindən, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

“Bakı Marafonu – 2022”nin eksklüziv tərəfdaşı “Azercell Telekom”
şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi və “Regional
İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunur.

Layihənin icrası Sport Marketing Group (SMG) şirkəti, sponsoru
isə “Baltika 0” şirkətidir.

“Bakı Marafonu – 2022”nin mükafatlandırması iki kateqoriyada
olacaq. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3
yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının
hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000
AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və
hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif
olunacaq.

Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə finiş xəttini ilk
keçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “finiş
xəttini ilk keçən ən yaşlı iştirakçı”, “finiş xəttini ilk keçən
korporativ iştirakçı”, “ən kreativ kostyum” nominasiyalarında da
mükafatların təqdimatı nəzərdə tutulur.

Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək
göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini
keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu – 2022”nin xüsusi
medalları ilə təltif ediləcək.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət
Bayrağı Meydanında əyləncə zonası yaradılacaq. Burada müxtəlif
əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.
Şəhərin müxtəlif ünvanlarında da əyləncə zonaları şəhər
sakinlərinin ixtiyarına veriləcək.

“Bakı Marafonu – 2022” ilə bağlı yeniliklər, yarış ərəfəsində
keçiriləcək məşqlər barədə ətraflı məlumatlar layihənin sosial
şəbəkələrdəki səhifələrində (facebook.com/bakumarathon,
instagram.com/bakumarathon),
eləcə də www.marathon.az
saytında təqdim ediləcək.

Əlavə məlumat üçün telefon nömrəsi: (012) 310 13 31

Teqlər: