Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə Bakı
marafonu təşkil olunub. “Bakı Marafonu 2022”-də 15 minədək
iştirakçı qeydiyyatdan keçib.
AzerTimes-ın
məlumatına görə, Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə
yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən
iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan
keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin,
Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna,
Uqanda və digər ölkələrdən iştirakçılar var.
2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına
dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il
fərqli marşrutda təşkil edilib. Yarışın start nöqtəsi ilə yanaşı
finişi də Dövlət Bayrağı Meydanında olub. 21 kilometrlik məsafəni
əhatə edən marafon bu marşrut üzrə keçirilib: Dövlət Bayrağı
Meydanı – Dənizkənarı Bulvar – Bakı Beynəlxalq Dəniz Vağzalı –
Neftçilər prospekti – Bakı Ağ Şəhər bulvarı – Xəqani Rüstəmov
küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov
küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli
küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir
Hacıbəyli küçəsi – Neftçilər prospekti (Hökumət Evi, Muzey
Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı
Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı
Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının
arxası, Bakı Kristal Zalı) – Dövlət Bayrağı Meydanı.
“Bakı Marafonu 2022”nin eksklüziv tərəfdaşı “Azercell Telekom”
şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi və “Regional
İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub. Layihənin
icrası Sport Marketing Group (SMG) şirkəti, sponsoru isə “Baltika
0” şirkətidir.
Marafonda daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də
iştirak edib. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha
sonra isə fiziki məhdudiyyətli şəxslər üçün start verilib. 3-cü
start isə ümumi iştirakçılar üçün olub.
“Bakı Marafonu 2022”nin qalibləri 2 kateqoriya üzrə seçilib.
Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk
3 yer uğrunda mübarizə aparıblar. Birinci yer sahibi 3000 AZN,
ikinci yer – 2000 AZN, üçüncü yer – 1000 AZN məbləğində
mükafatlandırılıb, həmçinin medal və sertifikatlarla təltif edilib.
Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu 2022”nin
xüsusi medalları ilə təltif olunub. “Bakı Marafonu 2022”də yeni
nominasiyalar da olub: qadın və kişilər arasında 5 yaş kateqoriyası
üzrə qaliblər seçilib (18-29, 30-39, 40-49, 50-59, 60+).
Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə tələbələr arasında
finiş xəttini ilk keçən “Gənc ol” (Azercell), eləcə də “finiş
xəttini ilk keçən ən yaşlı iştirakçı”, “finiş xəttini ilk keçən
korporativ iştirakçı”, “ən kreativ kostyum” nominasiyalarında da
mükafatlar təqdim olunub. Bütün marafon iştirakçılarına və yarışın
təşkilində dəstək göstərən könüllülərə sertifikatlar veriləcək.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət
Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış
ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman
tədbirləri keçirilib.
Qeyd edək ki, bu cür marafonlar indiyədək Barselona, Berlin,
Boston, Çikaqo, İstanbul, London, Nyu-York, Paris və digər
şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42
kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir. Layihə
Azərbaycanda region sakinləri tərəfindən böyük maraqla
qarşılandığından 2017-ci ildə Gəncə şəhərində də yarımarafon təşkil
olunmuşdu.