Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və
xalça motivləri əsasında hazırlanan geyimlərin defiləsi
keçiriləcək.
Fonddan AzerTimes-a verilən
məlumata görə, iyunun 3-də Heydər Əliyev Mərkəzindəki təqdimat
zamanı “AFFFAIR” markasının təsisçisi Rüfət İsmayılın qədim
çeşnilər – “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”,
“Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı
dizaynlar əsasında “Azərxalça” ASC-nin kreativ komandasının ərsəyə
gətirdiyi yeni xalçalar və “Sumakh” deyim kolleksiyası
nümayiş etdiriləcək.
Dünyanın ən qədim xalçaçılıq mərkəzi olan Azərbaycanda bu sənət
növü əsrlər boyu nəsildən-nəslə ötürülüb, müasir dövrədək qorunub
saxlanılıb. Xalça motivləri hər zaman yeni ideyaların, əsərlərin
yaranmasına təkan verib. Azərbaycanda xalçaçılıq məktəbinin
yaşadılması və inkişafına, eləcə də dünyada tanıdılmasına dəstək
göstərən Heydər Əliyev Fondu bu istiqamətdə Azərbaycanda və xaricdə
bir sıra layihələr, sərgilər təşkil edib. UNESCO-nun qeyri-maddi
mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən Azərbaycanın
ənənəvi xalçaçılıq sənəti yeni layihələrdə yenə də zövqləri
oxşayır.
Heydər Əliyev Fondunun dəstəyi ilə dizayner-modelyer Rüfət
İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və
naxışlarından bəhrələnərək yaratdığı və Azərbaycanın Qarabağ
zəfərinə həsr olunan “Sumakh” kolleksiyası da bu baxımdan
diqqət çəkir.
“AFFFAIR in Carpets” adlı nümayişdə “Sumakh Haute
Couture” və “Sumakh Affordable Luxury”
kolleksiyasından 50-ə yaxın qeyimin defiləsi keçiriləcək. Qeyd edək
ki, “Sumakh Haute Couture” bu günədək Paris və Moskvada
nümayiş etdirilib. “Sumakh Affordable Luxury” kolleksiyası
isə ilk dəfə məhz Bakıda təqdim olunacaq.
Kolleksiyaya daxil olan 5 məşhur xalça motivi əsasında
yaradılan əsərlər isə xüsusən diqqət çəkir:
“Açma-yumma” xalçası Qarabağ xalçaları arasında
bədii xüsusiyyətləri ilə fərqlənir və “Açma-yumma” xalçaları
silsiləsindən olan naxışlar kompleksinin bir hissəsidir.
Gözəlliyi ilə fərqlənən daha bir əsərin elementləri
“Qarabağ” xalçasından qaynaqlanıb. İlk baxışdan
təkrar elementlərdən ibarət olan həmin kompozisiya sıralanaraq
kəhkaşana qərq olur.
“Naxçıvan” adlı əsər Qarabağ xalçaçılıq
məktəbinin nümunəsi olan xalçanın müxtəlif elementlərindən, o
cümlədən “Xətai” və “Çələbi” xalçalarının naxışlarından da istifadə
olunaraq yeni bədii kompozisiyadan yaranıb.
Qarabağın “Ovçuluq” xalçalarına aid olunan
elementlərin gözəlliyindən ruhlanan rəssam Azərbaycan və Yaxın Şərq
sənətkarlıq məktəblərində geniş yer tapmış “Bəndi-Rumi”
kompozisiyasının elementlərindən istifadə edərək şəbəkə tərkibli
bədii kompozisiyanı yaradıb.
“Pazırıq” adlanan əsər türk soyuna aid edilən
və dünyanın ən qədim xalçası sayılan (2500 il), Rusiyanın
Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj muzeyində saxlanılan
eyniadlı xalçanın mərkəzi elementlərindən qaynaqlanıb.
Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq
məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi
ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.