Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin,
mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına
yönələn daha bir layihə həyata keçirilib. İcrasına 2016-cı ildən
başlanılan layihə çərçivəsində hazırlanan “Azərbaycan
xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və
eyniadlı kitab iyunun 3-də Heydər Əliyev Mərkəzində təqdim
ediləcək.
Trend xəbər verir ki, Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu
xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu
günümüzə qədər gəlib çatıb. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın tapşırıqları və qayğısı nəticəsində
Azərbaycanda xalçaçılıq sənətinin inkişafı sahəsində bir sıra mühüm
sənədlər qəbul edilib, müxtəlif layihələr həyata keçirilib.
Heydər Əliyev Fondunun qədim sənətə yeni nəfəs verən
kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng
və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva, “Ağaclı”,
“Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət”
xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəst
xalı-gəbələri bənzərsiz sənət nümunələri kimi
ziyarətçilərin marağına səbəb olacaq. Kolleksiyadakı xalçaların hər
biri naxışları, ornamentləri vasitəsi ilə ziyarətçiyə öz
mesajlarını çatdırır. “Yaranış” əsərində isə xammalın
hazırlanmasından xalçanın tam ərsəyə gəlməsinə kimi bütün
mərhələlər parlaq bədii dillə öz əksini tapıb.
Yeni kolleksiyanın yaradılmasında Azərbaycanın Xalq rəssamı
Eldar Mikayılzadə başda olmaqla 6 rəssam və 14 toxucu iştirak edib.
Təbii boyalarla rənglənən xalçalar ipək və yundan toxunub. Burada
170 rəng və çalarlardan istifadə olunub. Müxtəlif rəng çalarlarının
əldə olunması üçün toxucular saç kimi nazik ipək ipləri açaraq bir
neçə rəngdən yeni bir ip yaradıblar. Xalçaların ərsəyə gəlməsində
ecazkar Şəki Xan Sarayı, Şəkixanovların evi, şəbəkələr, təbiətdən
gələn naxışlar, zəngin flora və faunamız, təkəlduz tikmələri, zərif
zərgərlik məmulatları tükənməz ilham mənbəyi olub, ilmə-ilmə
xalçalarda əbədiləşərək öz əksini tapıb.
“Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyasına daxil olan
əsərlər barədə ətraflı məlumat isə eyniadlı kitabda yer alıb.
Nəşrdə oxuculara Azərbaycanda xalça sənətinin tarixi, qədim sənətin
yaşadılması üzrə dövlət tərəfindən görülən tədbirlər, yeni
kolleksiyanın ərsəyə gəlməsi prosesi barədə materiallar təqdim
edilir.