Vüqar Rəhimzadə: Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir

Azərbaycan tarixi Zəfəri ilə dünyanın diqqətini ədalətin,
beynəlxalq hüququn mövcud olduğu ana yönəltməklə yanaşı, kimin
haqqın, ədalətin, kimin isə şərin yanında olduğunu ortaya qoydu.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd
etdiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu.
Baxmayaraq ki, həmin vaxtdan bizi ilyarımdan artıq zaman ayırır,
günlər keçdikcə tarixi Zəfərimizə gedən yolun təhlilinə, 44 günlük
Vətən müharibəsində dövlətimizin qətiyyəti, ordumuzun gücü,
qüdrəti, xalqımızın birliyi ilə bərabər, dost, qardaş ölkələrin
mənəvi və siyasi dəstəyinin təhlilinə böyük zərurət duyulur.
Azərbaycan-Türkiyə, eyni zamanda, Azərbaycan-Pakistan dostluğu,
qardaşlığı, tarixi Zəfərimizdən sonra bu birliyin parlamentlər
səviyyəsində dünyaya təqdimatı olan Bakı Bəyannaməsi diqqətçəkən,
geniş müzakirə olunan və nümunə göstərilən məqamlardan oldu. Qardaş
Türkiyə daim Azərbaycanın yanındadır. Tarixi köklərə bağlılıq bu
dostluğu, qardaşlığı daha da möhkəmləndirir, liderlərin şəxsi
münasibətləri bu əməkdaşlığa yeni çalarlar əlavə edir. Vətən
müharibəsinin başlandığı gündən dünyaya “Azərbaycan tək deyil”
mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla
dostluğumuzun, qardaşlığımızın nə qədər sarsılmaz olduğunu, böyük
öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim
sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir
millət, iki dövlətik” tezislərinin bir daha reallıqda təsdiqinin
təqdimatı oldu. İki qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan
Şuşa Bəyannaməsində də böyük öndərlərin bu fikirlərinin
Türkiyə-Azərbaycan münasibətlərinin əsasında dayandığı xüsusi qeyd
olunub.

Trend xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası
(YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, xalqlarımızın və dövlətlərimizin
biri-birinə necə bağlı olduğunu görmək üçün çox da uzaq olmayan
tarixə, şanlı Zəfərimizin fonunda yaşanan mühüm hadisələrə və iki
qardaş ölkənin birgə qeyd etdikləri təntənəli mərasimlərə diqqət
yetirmək kifayətdir: “Qeyd etdiyimiz kimi, tarixi dostluq,
qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq
əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim yeni
prioritetlər istiqamətində möhkəmlənir, bütün sahələr üzrə davamlı
inkişafı ilə dünyanın diqqətini cəlb edir. Bu baxımdan Azərbaycan
Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl
qardaşlıq nümayiş etdirmələri olduqca önəmli məqamlardır. Prezident
İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə
birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirir. Azərbaycan
Prezidentinin bu günlərdə Türkiyəyə işgüzar səfəri çərçivəsində
Rize-Artvin Hava Limanının açılış mərasimində söylədiyi fikirlər də
qardaş ölkələrimiz arasında münasibətlərin dünəninə, bugününə və
gələcəyinə bir baxış kimi dəyərləndirilməlidir. “Biz hər zaman bir
yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və
İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi… İkinci
Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir… Savaşın
son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər
Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan
xalqı heç vaxt bu qardaşlığı unutmayacaq” söyləyən dövlət başçısı,
eyni zamanda, bu reallığı da diqqətə çatdırdı ki, qardaş Türkiyə
gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunların
təməlində aparılan uğurlu siyasət, Prezident Rəcəb Tayyib Ərdoğanın
böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında
böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə
daxilində də böyük layihələr icra etməyə qadirdir.”

“Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı inkişaf mərhələsi,
müttəfiqliyi, ən əsası tarixi Zəfərin sevincini birgə yaşatmaları,
eyni zamanda, qardaş ölkənin bütün sahələrdə uğurlu inkişafı
Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın “Vaxtilə Əbülfəz
Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün
isə Prezident Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq
işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər,
bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı
bütün dünyaya göndərə bildi” fikirlərinin özündə ehtiva etdiyi
bütün məqamların açıqlanmasında yardımçıdır. Reallıq budur ki, bu
gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək
zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər
bir-birinə yaxın olmayıblar. İstər Vətən müharibəsinin gedişi,
istərsə də postmünaqişə dövründə atılan addımlar nümunəvi xarakteri
ilə diqqət çəkib. Savaşın getdiyi dövrdə Türkiyənin dövlət
strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük
əzmkarlıq göstərdilər. Türkiyə bütün beynəlxalq təzyiqlərə sinə
gərərək Azərbaycana qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Bütün bunlar Ermənistana və onun havadarlarına siyasi baxımdan
mesaj idi: Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır
və onun maraqlarını sonadək müdafiə edəcək”,-deyə YAP Xətai rayon
təşkilatının sədri vurğulayıb.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan ötən
əsrin 90-cı illərindəki ölkələr deyil. Azərbaycan Prezidenti İlham
Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi
sayəsində öz taleyi, siyasəti, münasibətləri və sair mühüm
amillərlə bağlı olaraq özləri qərar verən, maraq və mənafelərini
müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran
güclü dövlətlərdir: “Dövlət başçısı İlham Əliyev Türkiyə və
Azərbaycan arasında bundan sonra da müxtəlif sahələrdə, o cümlədən
hərbi sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirir.
Postmünaqişə dövründə ordumuzun gücləndirilməsi, maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində atılan inamlı addımlar
bunu bir daha təsdiq edir. İki qardaş ölkənin keçirdiyi birgə
təlimlər də ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasında
əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı da unutmayaq ki, cənab
İlham Əliyev Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması ilə Türk
Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına
gəlməsini tarixi hadisə adlandırmışdı. Azərbaycan dövləti bütün
məsələlərdə Türkiyənin yanında olmasını atdığı hər addımında, irəli
sürdüyü təşəbbüslərində, verdiyi qərarlarında təsdiqləyir. İşğaldan
azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start
verilən ilk gündən dövlət başçısı İlham Əliyev bu çağırışı etmişdir
ki, dost, qardaş ölkələr bu prosesdə də fəal iştirak edəcək, onları
yanımızda görmək istəyirik. Hazırda Qarabağın və Şərqi Zəngəzurun
bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. O da
məlumdur ki, ötən ilin oktyabrında istifadəyə verilən, Qarabağın
dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq
Hava Limanının inşası iki qardaş ölkənin mütəxəssislərinin birgə
səyləri nəticəsində həyata keçirildi. Beynəlxalq standartlara tam
cavab verən bu aeroportun açılışı Azərbaycan və Türkiyə
prezidentlərinin birgə iştirakı ilə keçirildi. İki dost ölkənin
müştərək investisiya layihəsi olan “Dost Aqropark”ın Zəngilanda
təməlinin qoyulmasını da xüsusi qeyd etməliyik.”

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan və
Türkiyə arasında əlaqələrin bu səviyyədə inkişafı təkcə bu
dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi
Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu
birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Birgə
reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları
birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa
geniş imkanlar açır. İki ölkənin dostluğunu, qardaşlığını,
müttəfiqliyini bundan sonra daha da möhkəmləndirəcək yeni-yeni
sənədlərə imza atılacaq.

“Dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə
şahidlik edəcək” söyləyən Vüqar Rəhimzadə bildirib ki, mayın 26-da
Bakıda başlayacaq “TEKNOFEST Azərbaycan” festivalının proqramı
biri-birindən maraqlı müsabiqələrlə, əyləncəli tədbirlərlə
zəngindir. Mayın 29-dək davam edəcək festivalın sərgi hissəsində
insan zəkasının məhsulu olan son texnoloji yeniliklər nümayiş
etdiriləcək. Festival çərçivəsində Azərbaycan Hərbi Hava
Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Yıldızları” və “Solo Türk”
aerobatika komandalarının nümunəvi pilotaj uçuşları təşkil
olunacaq. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir,
sarsılmazdır, dünyaya nümunədir.

Teqlər: