Heydər Əliyev Azərbaycana qarşı yönələn bütün təhdidlərin qarşısını qətiyyətlə aldı – Elşad Həsənov (FOTO/VİDEO)

1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ikinci dəfə
hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi məhv olmaq təhlükəsindən
xilas etdi. Həmin dövrdə Azərbaycan uçurum kənarında idi, ölkədə
vətəndaş müharibəsi təhlükəsi, silahlı qruplaşmaların özbaşınalığı,
xaos və anarxiya, üstəlik, Ermənistanın hərbi təcavüzü çıxılmaz
vəziyyət yaratmışdı. Azərbaycanı bu ağır durumdan yalnız Heydər
Əliyev çıxara bilərdi və ulu öndər bu çətin missiyanı şərəflə
yerinə yetirdi.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinə müsahibəsində xüsusi xidmət orqanlarının veteranı,
siyasi şərhçi Elşad Həsənov bildirib.

Həmin illərdə Azərbaycan təhlükəsizlik orqanlarında çalışmış
E.Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin ilk
illərində ölkəmizə qarşı yönəlmiş xarici və daxili təhdidlərin
qarşısını qətiyyətlə alıb: “Heydər Əliyev dahi siyasətçi kimi
Azərbaycan dövlətinin təhlükəsizliyini qorudu, bütün təhdidlərin
qarşısını aldı. Ulu öndər, həmçinin, dövlət çevrilişinə cəhdləri
dəf etdi, Azərbaycanın gələcək inkişafının təməlini qoydu.
Dövlətimiz və xalqımız qarşsındakı bütün bu müstəsna xidmətləri
Heydər Əliyevi xalqın ürəyində əbədi liderə çevirib. Yüzilliklər
keçəcək, Heydər Əliyevin əziz xatirəsi daim ürəklərdə
yaşayacaq”.

Videomüsahibəni təqdim edirik:

Teqlər: