Həsənov Ankarada, Papikyan Tehranda: Müharibə hazırlığı?..

Həsənov Ankarada, Papikyan Tehranda: Müharibə hazırlığı?..

Cənubi Qafqazda geosiyasi mübarizənin kəskinləşdiyi və Ermənistanın Azərbaycana qarşı müharibə hazırlığının müşahidə edildiyi dövrdə Bakı və İrəvanda hərbi rəhbərliyin səfər marşrutları diqqətdən yayınmır.

– Azərbaycan müdafiə naziri Zakir Həsənov dünən Türkiyəyə səfər etdi;

– Ermənistan müdafiə naziri Suren Papikyan eyni gündə İrana getdi;

Hərbi müttəfiq olan Azərbaycan və Türkiyə arasında bu cür səfərlərin intensivliyi və koordinasiyalı fəaliyyət təəccüblü deyil. Lakin bölgədə baş verənlər Həsənovun səfərinə fərqli mənalar da yükləyir, xüsusilə iki ölkə ordusunun “saatlarının yoxlanılması”, Bakı və Ankaranın mümkün təhlükələrə qarşı birgə addımlarının hazırlanması baxımından.

Ermənistanın sürətlə silahlandırılması – Fransa, Yunanıstan, Hindistan, ardınca İran – mümkün təhlükənin nədən ibarət olduğunu aydın göstərir. Rəsmi İrəvan hərbi sferada diversifikasiya siyasətini apardığını elan etsə də, bütün addımların Rusiyaya qarşı Cənubi Qafqazda Ermənistan üzərindən ikinci cəbhənin açılmasına hesablandığı sirr deyil. Və bu ssenarini Ermənistanın Azərbaycana hücumu, sərhəddə eskalasiyanın yaradılması vasitəsilə həyata keçirmək istədikləri də bəllidir. Qərb mümkün eskalasiya ilə Ermənistanın təhlükəsizlik sferasına rəsmi şəkildə daxil olmaq haqqı qazana bilər, İrəvan isə sülh gündəliyini sıfırlamağı, Bakı ilə danışıqlarda mövqelərini gücləndirməyi hədəfləyir.

Və mümkün eskalasiya ssenarisində İranın Ermənistan üçün regional əhəmiyyəti böyükdür.

Birincisi, İrəvan Qərbin dəstəyi ilə tətbiq edəcəyi müharibə ssenarisində Türkiyə və Azərbaycanla yanaşı, Rusiya ilə də üz-üzə gələcəyini bilir: İranın bu ssenaridə əks cəbhədə yer alması Ermənistan üçün çətin vəziyyət yarada bilər;

İkincisi, mümkün eskalasiyada Qərb nə qədər Ermənistana dəstək versə də, regional müstəvidə proseslərə birbaşa müdaxiləsi ən azı coğrafi baxımdan çətindir: buna görə İrəvan Tehranın dəstəyini almaq, həm regional balansı müəyyən qədər saxlamaq, həm də hərbi toqquşma zamanı əks cəbhəyə – Ankara-Bakı-Moskva – qarşı regional müstəvidə təklənmək istəmir;

Papikyanın Tehrana səfəri İranla hərbi əməkdaşlığı genişləndirmək, bu ölkədən silah almaq, həmçinin, Hindistandan gələn silahların tranzitini genişləndirməklə yanaşı, mümkün müharibə ssenarisinə hazırlıq məqsədi də daşıyır.

Rəsmi Bakının hadisələrin inkişafını və perspektiv riskləri dəyərləndirdiyi məlumdur. Bu kontekstdə Papikyanın İrana getdiyi gün Zakir Həsənovun Türkiyəyə səfərinə də mümkün müharibə ssenarisinə hazırlıq kimi baxmaq olar.

Teqlər: