Aprelin 8-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda
Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı
ilə geniş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki,
əvvəlcə kollegiya iclasının iştirakçıları ölkəmizin ərazi bütövlüyü
uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz
xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa
diləyiblər.
Kollegiya iclasında çıxış edən Azərbaycan Respublikası Baş
prokurorunun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı
Xanlar Vəliyev bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu
ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini zamanın tələblərinə
uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək diqqət
və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası
əhəmiyyətli dərəcədə möhkəmləndirilib, şəxsi heyəti peşəkar hərbi
qulluqçularla komplektləşdirilib, həmçinin hərbçilərin
mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhvali-ruhiyyəsi
artırılıb, qeyd olunanlar nizam-intizamın və qanunçuluğun daha da
möhkəmlənməsini şərtləndirib.
Sonra Hərbi prokuror Xanlar Vəliyev cinayətlərin istintaq və
məhkəmə təcrübəsinin ildə iki dəfə ümumiləşdirilərək Respublika
Hərbi Prokurorluğunun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət
Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər
vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə,
kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb
və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin
görülməsinə dair aidiyyəti qurumların rəhbərlərinə məlumat
məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına
icmal məktublar göndərilməsinin, həmçinin hər ilin əvvəlində tərtib
edilmiş birgə tədbirlər planlarına əsasən nizam-intizamın,
qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə
birlikdə görülən digər işlərin cinayətlərin, o cümlədən bəzi
qəbildən olan cinayətlərin qarşısının alınmasındakı xüsusi rolunu
qeyd edərək birgə səmərəli fəaliyyətə görə adları çəkilən
qurumların rəhbərlərinə təşəkkürünü bildirib və kollegiya
iştirakçıları arasında qarşılıqlı məmnunluq ifadə olunub. Ədliyyə
general-leytenantı Xanlar Vəliyev, həmçinin deyib ki, səbəbindən
asılı olmayaraq Silahlı Qüvvələrdə baş vermiş istənilən ölüm faktı
üzrə cinayət işi başlanılıb, bu qəbildən olan hər bir cinayət
işinin istintaqı nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam,
obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar
şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta
və əmələ hüquqi qiymət verilməsi təmin olunub.
Xanlar Vəliyev vurğulayıb ki, bütün bunların nəticəsində də
cinayətlər ildən-ilə azalıb və konkret olaraq 2020-ci illə
müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə
cinayətlər 6 faiz, tabelik münasibətlərində olmayan hərbi
qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə
qaydalarını pozma cinayətləri 42,4 faiz, hərbi xidmət vəzifələrinin
icrasından boyun qaçırma cinayətləri 25,0 faiz, silahla və
ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış
qaydalarını pozma cinayətləri 20,8 faiz, vəzifə səlahiyyətlərindən
sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6
faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 faiz, qəsdən
sağlamlığa ağır zərər vurma cinayətləri 25 faiz və özünü öldürmə
hadisələri 12,5 faiz azalıb.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin qeyd edib
ki, 2022-ci ilin birinci rübündə qəsdən sağlamlığa ağır zərər vurma
cinayəti, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən
əşyalarla davranış qaydalarını pozma cinayəti, qulluğa səhlənkar
yanaşma cinayəti ümumiyyətlə qeydə alınmayıb, baş vermiş özünü
öldürmə hadisələri isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20
faiz azalıb.
Bundan sonra, məruzəçilər – Hərbi prokurorluqlarda istintaqa
nəzarət şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Oktay
Ağayev, İstintaq idarəsinin rəisi, ədliyyə polkovniki Bəhruz
Əhmədov və Kadrlar şöbəsinin rəisi, ədliyyə polkovniki Elmir
Süleymanlı kollegiya iclasının həsr olunduğu məsələlər barədə çıxış
edərək bununla bağlı hesabat dövründə görülmüş işlərdən danışıb,
prokurorluq orqanlarının və aidiyyəti qurumların qarşısında duran
vəzifələrin yerinə yetirilməsi üçün görülməli olan tədbirlər barədə
geniş məlumat veriblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi
aparılıb.
Kollegiya iclasında, həmçinin Hərbi Prokurorluğun müvafiq
struktur qurumlarının və vəzifəli şəxslərinin arasında iş
bölgüsünün aparılması və digər məsələlərlə bağlı işin təşkili
qaydalarına, müvafiq əmrə və iş planına dəyişikliklər olunması
barədə qərarlar qəbul edilib.
Kollegiya iclasına yekun vuran Hərbi prokuror Xanlar Vəliyev
bildirib ki, qanunçuluğun daha da möhkəmləndirilməsi, cinayət
hadisələrinin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun
aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam
etdiriləcək.