Hərbi Prokurorluq əsgərin ölümü ilə bağlı cinayət işi açıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi
hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlunun
27 may 2022-ci il tarixdə Laçın rayonu ərazisində qeyri-döyüş
şəraitində bədbəxt hadisə nəticəsində bədən xəsarətləri alaraq
ölməsi barədə Qubadlı Hərbi Prokurorluğuna daxil olmuş məlumat
əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış
keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi
götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra
edilmişdir.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz
xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz
xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə
yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq
şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər
zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə
uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Teqlər: