Fevralın 14-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində
Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə “Hava
şahinlərimizin Vətən müharibəsinin qazanılmasında rolu” adlı tədbir
keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin, Fövqəladə
Hallar Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və
ictimaiyyətin nümayəndələri, birinci Qarabağ müharibəsində iştirak
etmiş veteran helikopterçilər iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və
Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib.
Polkovnik Elşad Pənahov Azərbaycan Respublikasının müdafiə
naziri general-polkovnik Zakir Həsənovun və müdafiə nazirinin
müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz
Tahirovun adından şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik
edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Vətən Müharibəsi qəhrəmanları general-mayor Namiq İslamzadə və
polkovnik Rəşad Nadirov çıxış edərək HHQ-nin yaranmasından,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu
quruculuğu sahəsində həyata keçirilən islahatlardan, pilotlarımızın
yüksək pilotaja malik olmalarından, eləcə də Vətən müharibəsində
HHQ-nin hərbi qulluqçularının göstərdikləri qəhrəmanlıq və şücaət
nümunələrindən danışıblar.
Digər çıxış edənlər də ölkə Prezidentinin diqqət və qayğısı
sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının
yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının
gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin
daha da yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü
vurğulayıblar.
Bildirilib ki, HHQ-nin şəxsi heyəti Vətən müharibəsində olduğu
kimi, bundan sonra da Ali Baş Komandanın istənilən döyüş əmrini hər
an yerinə yetirməyə hazırdır.
Sonra HHQ-ə həsr olunan qısametrajlı film nümayiş olunub.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin
kollektivinin təqdimatında konsert proqramı ilə başa çatıb.