Xəbər - Çingiz Səfərli -Trend:
Təhsil sistemi olduqca geniş bir sahədir. Minlərlə, yüz minlərlə müəllimdən, milyonlarla şagirddən danışırıq.
Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
“Təhsilin vahid bir yerdən idarə olunması səmərəliliyi artırır. Təhsil prosesi o vaxt effektli işləyir ki, hamı öz işini düzgün görür. Hər il biz onlarla direktoru bu və ya digər nöqsanlarına görə, işdən azad edirik”, – deyə nazir bildirib.
Nazir bildirib ki, hansısa bir ucqar kənddə baş verən prosesin əsas iştirakçısı müəllimdir, Təhsil Nazirliyi deyil.
“Forma dəyişikliklərindən yox, mahiyyət dəyişikliklərindən damışmalıyıq. Direktoru kimin təyin etməsinin heç bir fərqi yoxdur. Əsas odur ki, işimizi şəffaf qura bilirikmi, ictimaiyyət direktorun işinə nəzarət edirmi yoxsa, yox. Məktəb rəhbərinin də mövqeyini də başa düşmək lazımdır. 1500-1700 nəfəri idarə edirsə, hər hansısa bir problemin səbəbkarı olma ehtimalı böyükdür”, – deyə nazir əlavə edib.