Həmid, Murad, Azad təslim oldu, faciədir – Qaraca

Həmid, Murad, Azad təslim oldu, faciədir – Qaraca

AYO qurucusu, şair Rasim Qaracanın AzerTimes-a müsahibəsi:

– Rasim bəy, uzun illərdir ədəbiyyatın tam mərkəzindəsiniz, yazılar, hadisələr, qalmaqallar, amma məşhurlaşa bilmədiniz, sanki. Maraqlıdır, buna nə mane oldu?

– Bu sualınız bir az “Nə üçün narkoman deyilsən?” deməyə bənzəyir. Çünki məşhurluq elə bir şeydir ki, hər zaman daha yüksək dozasını istəyirsən və bu da istər-istəməz şəxsiyyətin aşınmasına gətirib çıxarır. Şöhrətə meyillilik xəstəlik əlamətidir, şəxsiyyət defisitindən xəbər verir. Şöhrətpərəst adi insanlara nifrət edir, mümkün olduqca kütlədən fərqlənmək və daha parlaq görünmək istəyir. Sənət adamları arasında bu cür “parlaq” şəxsiyyətlər, adətən, hakimiyyətin əlində alət olur, onları tələyə salan da şöhrət hərisliyidir.

– Məşhur olub, amma işi ilə məşğul olanlar, yəni məşhurluğun hərisinə çevrilməyənlər də var.

– Mən “Nə üçün məşhurlaşa bilmədim?” sualına “Zülmətdə alatoran” kitabımda cavab vermişəm. Buna mənim öz daxili səsim mane oldu. Çünki hər zaman imtina edə biləcəyim bir az “məşhurluq” məni qane edirdi, bundan artığını istəmirdim və indi də istəmirəm. Məsələn, TV-lərə çıxmıram, halbuki dəvətlər hər zaman olub. Və ya müasir texniki vasitələrin, İnstaqram, Yutub və sairənin hansı imkanlarının olduğunun fərqindəyəm, ancaq bilərəkdən bunlardan imtina edirəm. Məni təbiilikdən qoparacaq, daxilimdəki boşboğazı oyandıra biləcək hər şeydən qaçıram.

– Amma yəqin ki, şeirlərinizin böyük kütləyə çatmaması az da olsa narahatlıq verib. Ən azından, bütün şairlər istəyir ki, böyük kütləyə xitab eləsin, oxunsun, sevilsin…

– Sevilmək bir yana qalsın, əksinə, mənə daha çox nifrət edirlər. Bunun özü də bir məziyyətdir. Yəqin ki, işin içində qısqanclıq da var. Hər bir yaradıcı insan daxilində öz qiymətini bilir. Mən də öz qiymətimi bilirəm və bu məni arxayınlaşdırır. Sevilmirəmsə, nə etmək olar? Ortada olmaq, hər yerə dürtülmək, sevgiyə möhtac olmaq mənə görə deyil. Onsuz da mən sənətdə zidd olmaq yolunu seçmişəm, ənənəvi üslubu inkar edirəm, bəşər tarixində iyrənc şeirlər yazmış ilk adamam.

– İyrənc dediyiniz şeirlərin dəyəri illər sonra da olsa veriləcəkmi? Adətən, belə olanda yaradıcı adamlar “Məni indi başa düşmürlər” kimi sözlər də deyirlər…

– Bütün şeirlərim iyrənc deyil, bunu misal olaraq dedim. Dəyər məsələsi isə nisbidir. Dəyər verən kimdir, ümumən dəyər anlayışı nə deməkdir? Belə bir fikir var ki, “bütün sənət növləri daim musiqinin səviyyəsinə çatmağa çalışır”. Ona qalsa, musiqiçilərin məşhurluğuna heç bir şair çata bilməz. Maddi olaraq da musiqiçilər daha çox qazanır. Belə olan halda şair neyləsin, məşhurluğu kölgədə qalır axı? Digər yandan, tarixə düşən çox sayda “autsayder” şair də var. Bir sözlə, məncə, məşhurluq və ya sevilmək şairin və ya şeirin ölçü vahidi ola bilməz. Öz zamanında başa düşülməyənlər də olub. Zamanında məşhur olub, tarixin zibilliyinə atılanlar da. Mən tarixə düşməyə iddialı deyiləm, sadəcə, öz ruhumu şeir yazacaq və şeirlə yaşayacaq səviyyədə tutmaq istəyirəm. Məni gələcəkdə başa düşəcəklər demirəm, çünki gələcək nəsillər də indikilərdən törəyəcək. Hazırda başa düşülməməyim məni incitmir. Bu onu göstərir ki, düzgün yoldayam. Hamı tərəfindən başa düşülüb sevilsəydim, bunu özümə təhqir sayardım.

– Rafiq Tağı öldürüldü, dostlarınız Murad Köhnəqala, Azad Yaşar, Həmid Herisçi növbə ilə AYB-yə üzv oldular. Deyəsən, meydanda tək qaldınız…

– Təəssüf ki, kimlərinsə AYB-yə üzv olması bizim ədəbiyyatımızın əsas məsələsi olaraq qalmaqda davam edir. Bunu mən onunla izah edirəm ki, yazıçı əxlaqı bizim cəmiyyəti narahat edir, məhz ictimai fikir də AYB-AYO davasını səngiməyə qoymur. Belə baxanda, AYO-nun indi ancaq quru adı var, ancaq necəsə ictimai rəy onu batmağa qoymur. Yazıçının nə yazmasından daha çox, onun necə bir şəxsiyyət olması sualı açıqda qalıb. Görünür, bu sual həllini tapmayana qədər biz “yazıçı nə yazır?” sualına keçə bilməyəcəyik. Sərgilərin birində bir yazıçının səsləndirdiyi fikri qələm adamları üçün zərərli hesab edirəm: “100 il bundan əvvəl yaşamış yazarların şəxsiyyəti heç kim üçün maraqlı deyil, biz onların əsərlərinə baxırıq və buna görə onlara qiymət veririk”. İctimai məsuliyyətdən yaxa qurtarmaqdan ötrü bu fikir yazarlarımız arasında çox yayğındır. Məhz bu cür düşünmək ədəbiyyatımızı yerində saymağa vadar edir. Ədəbiyyat adına “boz axınla” qarşı qarşıyayıq. Həmid, Azad, Murad AYO-nun əsas aparıcı simaları idi. Biz ədəbiyyatdakı sovet modelinə qarşı çıxırdıq, “müstəqil Azərbaycanda müstəqil ədəbiyyat olmalıdır” deyirdik. Hər birinin o təşkilata üzv olmağa, ola bilsin, əsaslı səbəbləri var. Ancaq nə olursa olsun, bunun adı təslimçilikdir və ümumən ədəbiyyatımızın, bəlkə də millətimizin faciəsidir, çünki millət də yazarlara, ziyalılara baxıb onlardan dərs götürür. Son nəticədə, əgər ölkədə ədalətsizlik varsa, rüşvət tüğyan edirsə, qiymətlər bahadırsa, nəqliyyat sistemi iflicdirsə və s. bunun günahı şairlərdədir. 100 ildən sonra onlar dahi insanlar kimi xatırlanacaqsa belə, bunun bir mənası olmayacaq.

– Onda belə çıxır, yazıçı mütləq siyasətə qarışmalıdır?

– Əksinə, mən deyirəm ki, yazıçı siyasətə qarışmamalıdır. Oturub öz əsərini yazmalıdır. Lakin bizdə olan tendensiya belədir ki, yazıçıların böyük əksəriyyəti yazıçılığa, şairliyə siyasi məqsədlərə çatmaq vasitəsi kimi baxır. Əgər söhbət “oturub əsər yazmaqdan” gedirsə, o zaman Yazıçılar Birliyinə üzv olmaq, hakimiyyətin böyür-başında fırlanmaq onların nəyinə lazımdır? Mən deyirəm, yazıçı sistematik olmamalıdır, hər hansı siyasi partiyanın – istər hakimiyyət olsun, istər müxalifət – yanında yer almamalıdır. Yazıçı maksimum öz müstəqilliyini qorumalıdır, çünki hər hansı bir sistemin içərisinə girəndə o sistemin bütün neqativlərini də öz üzərinə çəkmiş olur. O ki qaldı fikir bildirməyə, bəzən insan susmaqla da öz fikrini ifadə edə bilər.

– Sizin üçün necə, şəxsiyyət və yaradıcılıq ayrıdırmı? Məsələn, siyasi məqsədlər üçün yaltaqlanan biri yaxşı əsər yarada bilər? Yaxud da “məmur yazıçı-şair” anlayışı necə?

– Mən necə olmalı olduğundan daha çox, necə olmamalı olduğunu bilirəm. Bilirəm ki, biz bütün sahələrdə tarixən özünü doğrultmayan sovet ənənələrindən imtina etməliyik. O cümlədən, ədəbiyyat sahəsində eybəcər sovet mirasının fəsadlarını yaşayırıq. Yaradıcılıq məsələlərinin bu cür strukturlaşdırılması yazıçıların normal fəaliyyəti üçün əlverişli və əsla inkişaf üçün deyil, nəzarət etmək üçün düşünülüb. Nəticədə də “məmur yazıçı” ierarxiyası yaranıb, yaltaqlıq və digər neqativ hallar da buradan qaynaqlanır. Hərə bir cür yaltaqlanır. Əziz Nesinin təbirincə desək, Qərb yaltağı var, Şərq yaltağı var. Yaltağa yaltaqlananlar da bir ayrı aləmdir. Yaltaqlığı atadan belə miras alanlar var. Azərbaycan elə ölkədir ki, burada hər cürəsi var. Yeri gəlmişkən, yazıçılar üçün bu mövzu da zəngin materialdır. Yaltaqlıq bir xəstəlikdir, istedada dəxli yoxdur, xəstələr də istedadlı ola bilər. Sadəcə olaraq, istedadlılar daha istedadla yaltaqlıq edə bilirlər. Pis olan odur ki, Azərbaycan yazıçısı üçün təkcə bir yol qoyulub: yaltaqlıq etmək. O dərəcədə ki, xaricdə sığınacaq alan da buna ehtiyac duyur. Kişi yazıçıların gücə sığınma ehtiyacı isə mənə qəribə gəlir. Adətən, qadınlar alfa erkək axtarar, arxasında sarsılmaz bir gücün olmasına ehtiyac hiss edərlər. Bizdə bunu kişilər edir. Ədəbiyyatımızın alfa erkək yazarlara ehtiyacı var.

– Rasim bəy, mövcud ədəbi prosesin özü necə, qane edirmi sizi?

– Bizdəki ədəbiyyat prosesi məni qane etmir. Dünyadakı mədəni proseslərdən kənarda qalmışıq. Müstəqil yazıçı təşkilatları yox, ədəbiyyat jurnalları yox, mükafatlar yox, book-kafelər yox, ədəbiyyat festivalları yox, əsərlərin müzakirəsi yox və yeni gələn gənclərdə də təşəbbüs yox, əsərlərin xaricdə çap olunmasına dəstək proqramı yox. Təkcə bir şey var, o da sönməyən ümid…

– Gənclərlə münasibətiniz necədir? Öz nəsildaşlarınızla bəllidir, gənclərlə də dostluğu müəyyən xarakterlərinə görə edirsiniz?

– İstedadlı gənclər gəlir, özlərini bəyan edir, potensialının yüksək olduğunu görürsən, durğun ədəbiyyat bataqlığı onları öz kamına çəksə də, yenə ümid gənclərədir. Mənim yeganə təsəllim onlardır, əlimdən gələn dəstəyi göstərməyə hər zaman hazıram.

– Rasim bəy, ən yaxşı şeiriniz və nəsriniz sualı olsa, bu, hansılar olar? Hansı ki, bu müsahibəni oxuyan və tanımayan adamlar məhz dediyinizi oxumaqla sizi tanıya bilərlər?

– Yaxşı şeir anlayışını qəbul etmirəm. Bu mənada ən yaxşı pis şeirimin adını çəkə bilərəm: “Anlamsız şeirlər”. Və ya məni tanımaq istəyən “İyrənc şeirlər”dən başlaya bilər. Nəsr əsərlərimdən “Arqo deyimlər”i oxumayan gözümə görünməsin.

– Son olaraq ənənəvi sual: nə, yoxsa necə yazmaq?

– Həm nə, həm də necə yazmaq. Nə yazmalı? – Məsələn, sovet dövrünü görənlər öz real təcrübəsini yazmalıdır, çünki bu eksperimental dövr hələ uzun müddət dünya üçün maraqlı olacaq. Üslub oyunlarına girmədən, romantikaya enib-qalxmadan. Və ya o dövrü görməyənlər öz dövrünün xronikasını yazmalıdır. Məsələn, 90-cı illər cəhənnəmi ədəbiyyatımızda demək olar ki, yoxdur. Bir az Seymur Baycan yazıb, mən də “Zülmətdə alatoran” romanımda yazmağa cəhd etmişəm. Ancaq çox yazılmalıdır, əli qələm tutan hər kəs yazmalıdır. Baxıram, bizim gənc yazarlar romantik mövzularda bəzən də uydurma şeylər yazırlar, ancaq, məsələn, Qarabağ köçkünlərinin xronikası yazılmayıb, hər ailənin bir xronikası var, hər insan dövrün faciəsini daşıyan informasiyanı gizlədir özündə, onlar məhz qələm adamları tərəfindən pasportlaşdırılmalı, intervülər edilməlidir. Yaradıcılığın əsası dokumentallıqdır. Ancaq bizdə bu ənənə pozulub, artıq gənclərə necə və nədən yazmağı öyrədən yoxdur. Ədəbi proses, müstəqil ədəbi tənqid olmadığına görə bizim yazarların öz orijinal üslubunu tapması da mümkün deyil.

Teqlər: