Həm azad olunmuş ərazilərin, həm də digər regionların inkişafı dövlət başçısının diqqət mərkəzindədir – TƏHLİL

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 13-də Ağdam və
Ağcabədi rayonlarına səfəri ölkəmizdə regionların inkişafına olan
diqqətin nəticəsidir. Bu, bir daha göstərir ki, həm işğaldan azad
olunmuş ərazilərin bərpası, həm də ölkənin digər regionlarının
inkişafı dövlət başçısının xüsusi diqqət mərkəzindədir.

Milli Məclisin deputatı Sevinc Hüseynova
AzerTimes-a açıqlamasında
bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı
siyasətin mühüm tərkib hissələrindən biri hər zaman regionların
sosial-iqtisadi inkişafı olub.

“Bu gün dövlətimizin ən böyük hədəfi işğaldan azad edilmiş
ərazilərin bərpası və insanlarımızın orada yaşaması üçün hər bir
şəraitin yaradılmasından ibarətdir. Cənab Prezidentin bu günlərdə
Ağdama və Ağcabədiyə səfəri bir daha onu göstərir ki, dövlətimiz bu
istiqamətdə uğurla fəaliyyət göstərir və qarşıya qoyduğu bütün
hədəfləri reallaşdırır. Ağdam şəhərində cənab Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam
şəhərində təməlqoyma mərasimlərinin keçirilməsi, açılışlar bunu bir
daha təsdiq etdi”, – deyə deputat bildirib.

O qeyd edib ki, Ağdamda, eyni zamanda, nəqliyyat infrastrukturu,
yolların çəkilməsi məsələsi təmin olunur.

“Bir neçə istiqamətdə Ağdama yollar çəkilir, həmçinin Ağdam ilə
Füzuli Beynəlxalq Hava Limanı arasında nəqliyyat əlaqəsi qurulur,
bu da imkan verəcək ki, həm vətəndaşlarımız, həm də xarici qonaqlar
gələcəkdə Ağdama rahat şəkildə gəlib-gedə bilsinlər. Həmçinin,
görülən bu işlər xarici şirkətlərin də bu ərazilərə rahat şəkildə
investisiya qoymalarına şərait yaradacaq.

Bir məsələni xüsusi qeyd etmək istərdim ki, azad edilmiş
ərazilərimizdə həyata geçirilən nəhəng bərpa işləri, sosial
obyektlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları
hesabına həyata keçirilir”, – deyə deputat bildirib.

O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərlə yanaşı, digər
regionlaerın da inkişafına böyük diqqət yetirilir.

“Ağdamla yanaşı, Ağcabədiyə səfər edən Prezident İlham Əliyev
bir sıra mühüm açılışlarda iştirak etdi, o cümlədən“Ağcabədi taxıl
Aqropark”da yaradılan şəraitlə tanış oldu. Ölkəmizdə bu cür iri
aqroparkların yaradılması, əlbəttə ki, ərzaq təhlükəsizliyinin
təmin edilməsinə mühüm töhfə verir. Həmçinin, Ağcabədi rayonunda
Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun
yenidənqurmadan sonra açılışı Azərbaycanda müasir yol-nəqliyyat
infrastrukturunun yenidən qurulması istiqamətində görülmüş çox
mühüm işdir. Bu, bir daha təsdiq edir ki, Azərbaycanın bütün
regionlarının inkişafı dövlət başçısının daim diqqət
mərkəzindədir”, – deyə S.Hüseynova əlavə edib.

Milli Məclisin deputatı Azər Badamov isə
AzerTimes-a açıqlamasında
bildirib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və
bərpası prioritet elan olunsa da, digər regionların tarazlı
inkişafı gündəmdədir. Digər regionlarda yeni müəsisələr açılır,
yeni infrastruktur layihələri istifadəyə verilir. Ağcabədiyə səfəri
çərçivəsində də ölkə başçısı Ağcabədi Taxıl Aqroparkında yaradılan
şəraitlə tanış oldu.

“Heç də sirr deyil ki, bu gün aqroparklarda kənd təsərrüfatı
məhsullarının istehsalı və məhsuldarlığı fərdi təsərrüfatlardan bir
neçə dəfə çoxdur. Fərdi təsərrüfatlarda ölkə üzrə taxılın illik
orta məhsuldarlığı 30 sentnerə yaxın olduğu halda aqroparklarda və
iri fermer təsərrüfatlarında bu rəqəm 70 sentnerə yaxınlaşır.

Bu o deməkdir ki, iri fermer təsərrüfatlarında məhsul
istehsalına elmi yanaşma olunur və bütün aqrotexniki xidmətləri
vaxtında icra olunduğundan yüksək məhsuldarlığa nail olunur.
Ağcabədi Taxıl Aqroparkı da taxılın və digər kənd təsərrüfatı
məhsullarının istehsalında yaxından iştirak etməklə ölkəmizin ərzaq
təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir”, – deyə o
bildirib.

A.Badamov qeyd edib ki, müasir infrastruktur yaradılmadan
iqtisadi inkişafdan və insanların rifahının yaxşılaşmasından
danışmaq çətin olur.

“Cənab Prezidentin Ağcabədidə açılışları etdiyi yeni yol
layihələri və yarımstansiya bu ərazilərin sürətli inkişafına və
yüksək rahatlığın təmin olunmasına imkan verəcək. O cümlədən,
Daxili Qoşunların yeni inşa edilən hərbi şəhərciyində yaradılmış
yüksək şərait və müvafiq silah və texnikalarla təchizat ictimai
asayişin qorunmasına və təhlükəsizliyin təmin olunmasında daha
peşəkar xidmətin təşkilinə şərait yaradacaqdır. Daxili Qoşunların
şəxsi heyəti 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək
torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak
etmişdir. Bu hərbi hissələrdə yaradılan yeni şərait Daxili
Qoşunların şəxsi heyətinin daha peşəkarcasına və operativ xidmət
aparmasına və Ali Baş Komanadanın hər bir tapşırığının yüksək
səviyyədə icra olunmasına imkan yaradacaqdır”, – deyə o
bildirib.

Teqlər: