Helikopter yerə düşüb, ilk atəşi o açıb, sonra… – Müəmma

Helikopter yerə düşüb, ilk atəşi o açıb, sonra… – Müəmma

Qarakənddə içərisində Azərbaycanın rəsmi şəxslərinin olduğu helikopterin vurulması ilə bağlı olayın üzərindən 32 il keçməsinə baxmayaraq, hələ də bəzi iddialar və müəmmalar davam edir.

AzerTimes xəbər verir ki, onlardan bəzilərini tarixçi alim, dosent, əslən Ağdamdan olan Zaur Əliyev bölüşüb.

O bildirib ki, hadisəni eşidib ora gələn şəxsləri və jurnalistləri Ağdamın Mərzili kəndində hərbiçilər saxlayıb, əraziyə bir sutka heç kəsi buraxmayıblar:

“Tam əminliklə demək olar ki, helikopter yerə düşmüş və yerdə yandırılmışdır. Bu yanğını törədənlərdən hələlik 3 nəfərin adı bəllidir: Rus general A.Dunçiv, Xankəndidə vaxtilə taksi sürücüsü olmus Robert Avagimyan və polis işçisi, kapitan İqoryan”.

Alimin sözlərinə görə, üzə çıxan faktlar bunlardır:

1. İsmət Qayıbovun qolunu kəsiblər;

2. Tofiq İsmayılovun başından güllə ilə vurublar;

3. Taxdığı kəmərə görə Məhəmməd Əsədovun meyiti müəyyən edilib. Amma meyit yox idi, hamısı parçalanmış ət, sümük parçaları idi. O dövrdə belə danışırdılar ki, Məhəmməd Əsədov və onunla birgə iki rus generalının da meyiti yoxa çıxmışdı;

4. İstintaq zamanı məlum olub ki, hadisə yerinə hərbiçilər gələnədək helikopter tamamilə talan edilib. Azərbaycan Televiziyasının müxbirlərinin cihazları, 12 tapança, qiymətli əşyalar və hətta helikopterin müəyyən bahalı cihazları yoxa çıxıb;

5. Mİ-8 N72 helikopterində yanğından əvvəl atışma olub. Ehtimala görə, ilk atəşi helikopteri idarə edən Gennadi Domov açıb. Bunu yanıb dağılmış helikopterin qalıqlarında içəridən açılan güllələrin diametri, açıq yerləri təsdiqləyir (İstintaq sənədlərində bu, aydın görünür). Və müəmma burda yaranır: Hadisə yerində tapılan cəsədlər içərisində onun da nəşi tapılmır. Və bundan sonra onun barəsində heç bir məlumat verilmir.

6. Tapılan meyitləri görənlər danışırlar ki, helikopter eniş edəndən sonra ekipaj üzvlərinin bəziləri sonradan güllə yarası alıblar və üstlərinə benzin tökülərək yandırılıb.

Qeyd edək ki, Qarakənddə helikopter 1991-ci il 20 noyabrda vurulub. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər ölüb.

Teqlər: