Həftəsonu 45 minə yaxın şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 30 aprel və 1 may tarixlərində
ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları
keçirəcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan saat
11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də
buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə
imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma
vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış
vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Aprelin 30-da iştirakçılar imtahana tibbi maska ilə gəlməli və
onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə)
istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses
(buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk
edilməsi) boyu istifadə olunmalıdır. Mayın 1-də keçiriləcək
imtahanda isə maskadan istifadə tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap
edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin
özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan
nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə
çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər
buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan
arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet
vasitəsilə DİM-in saytından aprelin 20-dən etibarən çap edib götürə
bilirlər.

İmtahan 30 aprel və 1 may tarixlərində respublikanın 22 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə
207 imtahan binası, 3413 imtahan zalı ayrılıb. İmtahanların idarə
olunmasına 207 ümumi imtahan rəhbəri, 570 imtahan rəhbəri, 4228
nəzarətçi-müəllim, 399 buraxılışı rejimi əməkdaşı (mühafizə), 207
bina nümayəndəsi ayrılıb.

Aprelin 30-da keçiriləcək imtahanda 24 864, mayın 1-də
keçiriləcək imtahanda isə 19 278 nəfər olmaqla, ümumilikdə 44 142
şagirdin iştirakı nəzərdə tutulur. Mayın 1-də, həmçinin Bakı
şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə
pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi
məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə
müəssisələrində olan məktəblər, tədrisi ingilis və ya fransız
dilində olan məktəblərin şagirdləri də imtahan verirlər. Çilov
adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların
daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə
həyata keçiriləcək.

İmtahanlarda 51 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, hərəkət
məhdudiyyətli və digər) şagird də iştirak edəcək. Onların rahat
şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar
ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab
vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin
edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması
və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan
rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə
təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış
keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan
verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə
imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları,
giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi
Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan
iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən
hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən
istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan
şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün
yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq
edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf
uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü
göstərməlidir.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun
imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici
videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.

Teqlər: