Həbsxanada ölən Navalnı kim idi?

Həbsxanada ölən Navalnı kim idi?

Xəbər verdiyimiz kimi, rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb.

AzerTimes xəbər verir ki, 1976-cı ildə Moskva vilayətinin Odintsovski rayonunda anadan olub.

2004-cü ildə siyasi fəaliyyətə başlayan Aleksey Navalnı “Moskvalıların müdafiəsi komitəsi” adlı təşkilat yaradır. Təşkilat paytaxt Moskvada aparılan qanunsuz tikintilərə qarşı mübarizə aparır.

2008-ci ildə Rusiyanın ən böyük dövlət korporasiyalarında vəsaitlərin oğurlanmasına dair sübutları dərc etməklə Navalnı bütün Rusiyada məşhurlaşır.

2010-cu ildə dövlət satınalmalarında saxtakarlıq və haqsız rəqabət faktlarını aşkar etməyə yönəlmiş “RosPil” layihəsini təsis etdir.

2011-ci ildə Navalnı Rusiyada korrupsiyaya qarşı mübarizə aparan ən böyük müstəqil ictimai təşkilat olan Korrupsiya ilə Mübarizə Fondunu yaradır.

Eyni ildə Navalnı məşhur “Vahid Rusiya” – fırıldaqçılar və oğrular partiyası” şüarını irəli sürür və “Vahid Rusiyadan başqa istənilən partiyaya səs verin” ictimai kampaniyasına başlayır.

​2013-cü ildə Moskva meriyasına keçirilən seçkilərdə 27.24 faiz səs toplayaraq Sergey Sobyaninə uduzur.

2012 və 2021-ci illərdə “Taym” jurnalı onu dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısına daxil edib.

2020-ci ilin 20 avqustunda Tomskdan Moskvaya uçan zaman Aleksey Navalnının zəhərləndiyi məlum olur. “Noviçok” vasitəsilə zəhərlənən siyasətçi avqustun 22-də Almaniyanın Berlin şəhərindəki “Şarite” xəstəxanasına yerləşdirilir.

2021-ci ilin yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdan Navalnı elə hava limanındaca həbs olunur.

2022-ci ilin 22 martında Moskvanın Lefortovo rayon məhkəməsinin hökmü ilə Navalnı 9 il azadlıqdan məhrum edilir.

2023-cü ilin 4 avqustunda Moskva şəhər məhkəməsi ekstremist icma yaratmaq, ekstremist fəaliyyəti maliyyələşdirmək, internetdə ekstremizmə çağırışlar ittihamı ilə Navalnını 19 il müddətinə azadlıqdan məhrum edir.

Navalnı elə dünən 26-cı dəfə cərimə kamerasına salınmışdı.

Teqlər: