Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda evlərdən 2 milyon
manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd
Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə
keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı
edib.
Cavid Süleymanovun vəkilli çıxışında dövlət ittihamçısının
müvəkkili barəsində tələb etdiyi cəzasının həddən artıq ağır
olduğunu deyib. Müdafiəçi bildirib ki, Cavid Süleymanov ağır psixi
xəstəlikdən əziyyət çəkir və cinayət törədən zaman da anlaqsız
vəziyyətdə olub.
Daha sonra ittiham olunan Əhməd Əhmədov son söz deyərək
məhkəmədən yüngül cəza təyin etməyi xahiş edib. O, cinayət işində
sadəcə müşahidəçi olduğunu bildirib. Əhməd Əhmədov təcridxanada
olduğu 1 ilin onun üçün 10 ilə bərabər olduğunu vurğulayıb.
Cavid Süleymanov son sözə hazır olmadığı üçün proses mayın 13-ə
təxirə salınıb.
Xatırladaq ki, İttihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov
Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb
Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş
Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi
Ceyhun Sultanovun da mənzilini qarət edib.
Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş
futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında
rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu
Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub
ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general
oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama
əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.
Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata
yaxın maddi ziyan vurduqları müəyyən edilib.