Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar böyük planları var – Vüqar Rəhimzadə

“Tarixi Zəfərimizdən ötən ilyarım ərzində işğaldan azad edilmiş
ərazilərimiz sözün əsl mənasında nəhəng tikinti meydanına çevrilib.
Görülən işlərə diqqət yetirdikdə bir daha Azərbaycan və Ermənistan
arasında fərq, ən əsası torpağın əsl sahibi ilə əsassız iddialarla
bu torpağa sahib olmağa çalışan və 30 il ərazilərimizi işğal
altında saxlayan arasında fərq özünü qabarıq şəkildə büruzə verir.
Biz nə qədər qurucu, yaradıcı xalqıqsa, erməni faşistləri də bir o
qədər müharibələrin və barbarlığın törədiciləridir.

Dövlət başçısı İlham Əliyev mayın 4-də Vahid Hacıyevi
Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan
rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar
videoformatda qəbul edərkən bu kimi məqamlara xüsusi diqqət
yönəltmişdir. Bildirmişdir ki, 30 ilə yaxın işğal altında qalan
digər ərazilərimiz kimi Zəngilan rayonunda da bütün tarixi-dini
abidələrimiz ermənilər tərəfindən dağıdılıb. İşğaldan azad edilmiş
ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən zaman bu
vandalizm aktlarının nəticələrini aradan qaldırmaq, tarixi və dini
abidələrimizin bərpası prioritet məsələ kimi qarşıya qoyuldu.
Baxmayaraq ki, ermənilər 30 ildə bu abidələri yerlə-yeksan edərək
tariximizi silməyə, onları erməniləşdirməyə çalışdılar, amma dil
açan faktlar onların illərdir apardıqları təbliğatın əsassızlığını
dünyaya bəyan etdi. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə
Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur, daha dəqiq
desək, yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalıb.
Ölkə Prezidentinin qeyd etdiyi kimi, Zəngilanda mövcud olan acı
mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev
işğaldan azad edilmiş ərazilərimizin daha müasir şəkildə, yeni
dövrün tələblərinə uyğun bərpasını qarşıya əsas vəzifə kimi qoyub:
“30 il torpaq həsrəti ilə yaşayan, dövlətimizin onlara diqqət və
qayğısı fonunda hər zaman öz doğma yurd-yuvalarına qayıdacaqları
günü səbirsizliklə gözləyən soydaşlarımız üçün azad olunmuş doğma
torpaqlarda hər cür şəraitin yaradılması ölkə Prezidentinin
aidiyyəti qurumlara verdiyi əsas tapşırıqlardandır. Bu torpaqlarda
müasir idarəçilik sisteminin yaradılmasına xidmət edən addımların
atılması da deyilənlərin təsdiqidir. Bu baxımdan işğaldan azad
edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəliyinin
yaradılması həm idarəçilik sistemində təkmilləşməni, həm də görülən
işlərin planlı şəkildə həyata keçirilməsinə nəzarəti təmin edir.
Dövlət başçısının bununla əlaqədar imzaladığı ilk Sərəncamın Şuşa
ilə bağlı olması da təsadüfi deyildi. Prezidentin xüsusi
nümayəndəliyi ilk olaraq Şuşada yaradıldı. Bərpa və quruculuq
işləri Proqramına uyğun olaraq şəhərlərin Baş planları
hazırlanarkən Ağdamdan sonra Şuşanın Baş planı təqdim olundu.
Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması
da bu tərkibdəndir. Qeyd edək ki, ilk “ağıllı şəhər” layihəsi
Ağdamda, ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı
kəndində həyata keçirilir. Cari ildə bu kəndlər sakinlərini
qarşılayacaq. “Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər
ancaq Baş planlar əsasında olmalıdır” söyləyən dövlət başçısı İlham
Əliyev bu tələbi də qarşıya qoymuşdur ki, Baş plandan kənar bir
dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili
olmamalıdır. Yəni biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm
Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi
olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və Baş planlar
əsasında yaradılacaq. Ona görə azad edilmiş bütün rayonlarda, o
cümlədən Zəngilan rayonunda da bu işlərə artıq hazırlıq gedir.”

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi
vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və
quruculuq işlərində xarici ölkələrin, xüsusilə qardaş Türkiyənin
şirkətləri də yaxından iştirak edirlər: “Ötən ilin oktyabrında
Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olan
Füzuli Beynəlxalq Hava Limanı da iki dost ölkənin birgə uğurudur.
Bu layihə qısa zamanda hər iki ölkənin mühəndisləri tərəfindən inşa
edilərək başa çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyevin və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava
Limanının açılışından sonra Zəngilan rayonunun Ağalı kəndində
“ağıllı kənd” layihəsinin icrası ilə tanış olmaları, həmçinin
onların birgə iştirakı ilə rayonda “Dost Aqropark”ın təməlinin
qoyulması da Azərbaycan – Türkiyə dostluğunun, qardaşlığının
təqdimatıdır. Bu layihə iki qardaş ölkənin birgə sərmayə
layihəsidir. Ümumilikdə Prezident İlham Əliyevin işğaldan azad
edilmiş ərazilərimizə hər səfəri müxtəlif sosial obyektlərin
açılışı və təməlinin qoyulması ilə yadda qalır. İlk gündən bu
ərazilərdə infrastruktur layihələrinin uğurlu icrası prioritet
olub. Füzuli Beynəlxalq Hava Limanından sonra cari ildə Zəngilan
Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur.
İşğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əlyevin
2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə
ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri
olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət
verdiyini təsdiqləyir. Hər bir bölgənin malik olduğu imkanlardan
maksimum istifadə etmək əsas hədəflərdəndir. Dövlət başçısı İlham
Əliyev sözügedən qəbulda Zəngilan rayonunda məşğulluğun və
iqtisadiyyatın əsas tərkib hissələrindən birinin də kənd
təsərrüfatı olmasını önə çəkərək bildirmişdir ki, təbii iqlim çox
əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad
edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni
görməliyik. Görülən işlər bir daha təsdiqləyir ki, Azərbaycanın
işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar böyük
planları var.”

Vüqar Rəhimzadə dövlət başçısının qəbulda diqqət göstərdiyi
məsələlər sırasında Ermənistanın ekoloji terror törətməsinə də
münasibət bildirib: “Ermənistan işğal dövründə işğal altında olan
torpaqların ekologiyasına da böyük zərər vurmuşdur. Xüsusilə
Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi
surətdə qırılması prosesi gedib. Avropada ərazisinə görə ikinci ən
böyük çinar meşəsi Zəngilan rayonunda olub. Ermənistan Zəngilandakı
və başqa rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını
da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji
terroruna məruz qalmışdır. İşğalçı dövlət bu vəhşiliklərinə,
törətdiyi ekoloji terrora görə beynəlxalq hüquq çərçivəsində
layiqli cəzasını almalıdır. Vurulmuş ziyanın təzminatını mütləq
ödəyəcəklər. Dünya Azərbaycanın hərbi-siyasi Qələbəsinin və
Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il
tarixli üçtərəfli Bəyanatdan sonra Kəlbəcər rayonunun boşaldılması
zamanı ermənilərin törətdikləri vandalizmin şahidi oldu. Evlər,
ağaclar yandırıldı, təbiət ekoloji terrora məruz qaldı. Yenə də
dünyanın əksər dövlətləri, təşkilatları seyrçi mövqedə dayanmağı
çıxış yolu hesab etdilər.”

Vüqar Rəhimzadə bildirib ki, bütün bu acılara, törədilən
təxribatlara baxmayaraq, Azərbaycan tarixi Zəfərimizin reallıqları
fonunda irəliyə baxır, çağdaş tarixində yeni səhifə açaraq işğaldan
azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulmasının tezliklə
başa çatmasına, Böyük Qayıdışın reallaşmasına, eyni zamanda, sülh
müqaviləsinin imzalanması ilə regionda dayanıqlı sülhün və
təhlükəsizliyin təmin olunmasına səy göstərir. Prezident İlham
Əliyev “Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və
ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad
edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya
qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs
görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün
amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq
və gələcək inkişaf” fikirləri ilə görülən işlərin və hədəflərin
ümumi mənzərəsini yaradır.

Teqlər: