Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam verildi, əmlakı üzərindən həbs götürüldü

Xəbər - Samir Əli – Trend:

Gəncə Apellyasiya Məhkəməsində həbsdə vəfat edən Ağstafa Rayon
İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini
Ramiz Tatarovun barələrində olan hökmdən verilən apellyasiya
şikayəti üzrə məhkəmə iclası başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan edilib.

Məhkəmənin qərarı ilə N.Quliyevin cinayət işinə bəraətverici
əsaslar olmadan xitam verilib və əmlaklarının üzərinə qoyulmuş həbs
götürülüb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı
məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı
N.Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə
etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, N.Quliyevin rayon
icra hakimiyyəti başçısının keçmiş müavini R.Tatarovun vasitəsilə
2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər
yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar
altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr
müəyyən edilib. N.Quliyevin R.Tatarov vasitəsilə fərdi sahibkarlıq
fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına
dair əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, N.Quliyevin səhiyyə, təhsil və digər yerli
dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli
dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin
müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb
etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə
ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı
şübhələr müəyyən edilib. N.Quliyev və R.Tatarovun xidməti
otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən,
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış
vəsaitlərin öz əlyazmaları ilə tərtib olunan siyahıları, pul
vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər
götürülüb.


N.Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə
etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər
faktlara görə DTX-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
başlanılan cinayət işləri üzrə şübhəli şəxs qismində
saxlanılıblar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və
R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən
pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və
ağciyərlərində viral pnevmoniya əlamətləri (“buzlu şüşə”) aşkar
olunaraq “COVID-19 infeksiyasına yoluxma” diaqnozu təyin edilib və
o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli
xəstəxanaya yerləşdirilib.

Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq
arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və
alimentar piylənmədən əziyyət çəkən N.Quliyev orada vəfat edib.

Teqlər: