Hazırkı sülh gündəliyi Azərbaycanın yaratdığı yeni reallıqlara uyğundur – Deputat

Son 4 ayda Brüsseldə artıq 2-ci sülh danışıqları keçirildi. Bu,
Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa
danışıqları nəzərdə tutan yeni mexanizm və formatın yarandığını
göstərir. Məqsəd ilk növbədə Azərbaycan və Ermənistan arasında
münasibətlərin normallaşdırılmasıdır. Əslində Aİ qərəzsiz tərəfdir.
Hər iki tərəfin İttifaqa etimadı var. Burada xüsusilə Şarl Mişelin
Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm
şərtdir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva
deyib.

Aprelin 6-sı Brüsseldə baş tutan üçtərəfli görüş 4 saat yarımdan
artıq davam etdi. Görüşün nəticəsi olaraq, Şarl Mişel tərəfindən
verilmiş bəyanatda Ermənistan və Azərbaycan arasında sülh
müqaviləsi üzrə danışıqların başlaması əksini tapıb.

“Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət baza
prinsipinin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır.
Azərbaycan tərəfinin təqdim etdiyi baza prinsipləri də bölgədə
dayanıqlı sülhün təmin olunmasına hesablanıb.

5 baza prinsipi iki dövlət arasında münasibətlərin
normallaşmasını nəzərdə tutur. Təbii ki, bu sənəddə əsas məqam
Azərbaycanın ərazi bütövlüyüdür”, – deyə o bildirib.

K.Nurullayeva vurğulayıb ki, Brüsseldə, həmçinin tərəflərin
sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə
delimitasiya prosesinə başlaması barədə razılıq var,
delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik
aradan qaldırılır.

“Ən vacib məqam bu görüşün yekun sənədində də “Dağlıq Qarabağ”
ifadəsi və ya uğursuz Minsk qrupunun həmsədrlik institutuna istinad
yoxdur. Bu isə hazırkı sülh gündəliyinin Azərbaycanın yaratdığı
yeni reallıqlara uyğun olduğunu təsdiqləyir”, – deyə o əlavə
edib.

Teqlər: