Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır?

Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı
toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox
Türkiyədə distant və ya fərdi (individual) qrafik üzrə təhsil
almağa üz tuturlar. Xaricdə distant təhsil formasına əksər hallarda
məlumatsız şəxslər bəzi xarici təhsil xidməti göstərən şirkətlərin
tövsiyəsi ilə üz tuturlar.

Bu barədə Trend-in suallarını cavablandıran təhsil
eksperti Kamran Əsədov bildirib ki, həmin universitetlər və
ixtisaslar Azərbaycan tərəfindən tanınır, amma təhsil alma forması
Azərbaycanın normativ hüquqi aktlarına uyğun olmadığı üçün onların
diplomları tanınmır.

“Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün,
əyani təhsil alanlar isə 90 gün ərzində qalmalıdırlar. Əgər onların
semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların
da diplomlarının tanınmasından imtina olunur.

Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların
yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə
təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığından olur. Hansı
ki, tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat
almadan xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini,
zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan və
keçərsiz olan diplom əldə edirlər. Və nəticə etibarilə əmək
fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər”,
-deyə o vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, xarici diplomların Azərbaycanda
tanınmasını həyata keçirdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi
(TKTA) öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin
siyahısı nə Təhsil Nazirliyi, nə də ki TKTA tərəfindən
müəyyənləşdirilib.

“Yəni, tələbə xarici diplomların tanınması məsələsini düşünərkən
universitet və ölkə seçimində sərbəstdir. Universitet və ölkə
seçimi sərbəst olsa da, diqqət olunası məqam təhsil alacağınız
universitetin öz ölkəsində tanınması ilə bağlıdır. Universitetin
akkreditə olunması diplomun tanınması demək deyil. Tələbə, hansısa
bir xarici və öz ölkəsi tərəfindən tanınan universitetdə (hətta
reytinqli olsa belə) istənilən ixtisasda təhsil ala bilməz. Tələbə
magistratura planlaşdırırsa, o zaman bakalavr ixtisasına uyğun
olaraq qanunla müəyyənləşmiş magistatura ixtisaslarından birini
seçmək hüququna malikdir. Eyni zamanda, bakalavr ixtisasının
qanunla müəyyənləşmiş qaydada düzgün seçilməsi önəmlidir. Çünki
tələbə xarici universitetdə bakalavr ya magistratura təhsili alıb,
Azərbaycana qayıtdıqda ona diplom tanınması barədə veriləcək
şəhadətnamədə qeyd olunur ki, xaricdə aldığı təhsil Azərbaycanda
tədris olunan hansı ixtisasa bərabərdir”,- deyə o qeyd edib.

K.Əsədov eyni zamanda bildirib ki, əgər tələbə qiyabi və
əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız
əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır. Yəni
tələbə ixtisas seçimi edərkən onun tədris formasına da fikir
verməlidir.

“Yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda
hər hansı bir ixtisasla ekvivalentlik (bərabərlik) təşkil etmirsə,
təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris
olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz
ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da
tanınmayacaq”, – deyə ekspert əlavə edib.

Teqlər: