Hamletin hönkürtüsü ilə uçan arxa-dayağım…

Hamletin hönkürtüsü ilə uçan arxa-dayağım…

…Hamı kimi evdən çölə qışqırıq səsinə çıxmışdım. Bu, qonşumuz, məhlənin başındakı trenajor zalının sahibi Hamletin səsi idi. O vaxta kimi heç bu cür ağlayan kişi də görməmişdim. Hamı nə olduğunu anlamağa çalışırdı.

Hamletin yanına çatana qədər qonşular öz aralarında təxmin də edirdilər:

– Nolub? Atası ölüb?

– Anası xəstə idi, deyəsən…

Hamletin dostu ölmüşdü və bu dost Milli Qəhrəman Mübariz İbrahimov idi!

O vaxtlar ağlımın kəsməkdə küt vaxtları idi, kədəri hələ çox sonralar anlayacaqdım.

Həmin günün ağrısı yaddaşıma iz saldı. Bəlkə özüm də dost, arxa itirmişdim, ona görə…

Bir fəxr yerim də Mübariz İbrahimovu görməyim, onunla həmsöhbət olmağım idi. Arıq-sısqa uşaq idim, əzilərəm deyə, heç zala da buraxmırdılar. Bircə o gələndə salmışdı içəri. Bir məktəbli, özü də idmana, çöl-bayıra həvəsiyən uşaqçün böyük məsələ idi. Elə həmin gün onu özümə dost hesab etmişdim. Demişdim ki, mənə kimsə sataşsa, səni çağıra bilərəm?!

Hamı böyük qardaşı, dostu, qohumu ilə fəxr edir, kimin daha çox güclü, arxalı olduğunu deyirdi.

Demişdi, heç kim xətrinə dəyə bilməz.

Qaçıb dostum Çərkəzə çatdırmışdım ki, Hamletin dostu Mübariz var e, o yekəpər oğlan, bax o, mənim arxamdadır.

Demə, o xalqın arxa-dayağı imiş.

İkinci Qarabağ müharibəsi elə ilk olaraq onun, onun kimi oğlanların şəhidliyindən başlamışdı.

Azərbaycan xalqının öləziyən ruhu dirçəlmişdi, bu hadisə hamının üzünə tərs sillə kimi dəymişdi. O nə ürək idi, necə cəsarət idi?

O, nə idisə, tam başqa bir şey idi.

Sonra… sonra bütün Mübarizlər birləşdi, Qarabağı aldı.

O başdan ayağa ürək adamların ruhları şad olsun. Onlarsız olmazdı. Bu günlər heç olmazdı. Bacardılar, bacardıq.

Sən uşaq yaddaşıma dost kimi yazılmısan, Gizir İbrahimov!

Mənim ilk dost itkim də sənsən, Mübariz!

Teqlər: