“Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda Beynəlxalq Elmi Konqres öz işinə başlayıb (FOTO)

5 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük
Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals
PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə
5 may Beynəlxalq mama gününə həsr edilmiş “Hamiləlikdə genital və
ekstragenital xəstəliklər” mövzusunda Beynəlxalq Elmi Konqres öz
işinə başlayıb.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə
öz işinə başlayan konqresdə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim Ceyhun
Məmmədov açılış nitqi ilə çıxış edərək konqres iştirakçılarını
salamlayıb. O, ana-uşaq sağlamlığının qorunması istiqamətində
ölkəmizdə təqdirəlayiq addımların atıldığını qeyd edib və bu
məsələnin həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu
vurğulayıb. C.Məmmədov deyib: “Azərbaycan Respublikası Prezidenti
möhtərəm cənab İlham Əliyev və Birinci vitse-prezident çox hörmətli
Mehriban xanım Əliyeva bu mühüm sahəni daim öz şəxsi nəzarətlərində
saxlayırlar. Son illərdə Respublikada həyata keçirilən tədbirlər
nəticəsində Azərbaycanda bu sahədə tibbi xidmətlərin keyfiyyəti
xeyli yüksəldilmiş, diridoğulmanın beynəlxalq meyarları
müvəffəqiyyətlə tətbiq edilmiş, mamalıq-ginekologiya üzrə kadr
potensiyalı əhəmiyyətli dərəcədə gücləndirilmişdir.”

Ana-uşaq sağlamlığının qorunmasında və doğuşaqədər xidmətlərin
təşkilində mamaların xüsusi rola malik olduğunu qeyd edən
C.Məmmədov mamalar və həkim-mama-ginekoloqların əlaqələşdirilmiş
işinin bu sahədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O,
çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edərək konqresin
işini açıq elan edib.

Bir çox dövlət qurumlarının və beynəlxalq təşkilatların rəsmi
nümayəndələrinin, eləcə də Bakı şəhərinin və regionların dövlət və
özəl tibb müəssisələrində çalışan həkim və mamaların iştirak etdiyi
konqresin açılış hissəsində eyni zamanda Milli Məclisin Ailə, qadın
və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova,
Səhiyyə nazirinin müavini İlqar Qasımov, Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və
Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr
müavini, əməkdar həkim, Rəşad Mahmudov, Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutu PHŞ-nin direktoru, professor Cəmilə
Qurbanova və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun
mama-ginekoloqu, professor Ahmet Cem İyibozkurt da çıxış edib.

Rəsmi açılış hissəsindən sonra Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutu PHŞ-nin direktoru, professor Cəmilə
Qurbanova, Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya
kafedrasının müdiri, professor, əməkdar həkim Elmira Əliyeva və
Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya
kafedrasının müdiri, professor, əməkdar elm xadimi Hicran
Bağırovanın moderatorluğu ilə “Antenatal xidmət və hamiləlikdə ürək
xəstəlikləri” paneli öz işinə başlayıb. Paneldə Böyük Britaniyanın
Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqları Fidan
İsrafilbəyli və Caroline Fox “Böyük Britaniyanın universitet
klinikasında ekstragenital patologiyası olan hamilə qadınlara
antenatal xidmətin təşkili” və “Ürək patologiyası olan qadınlarda
hamiləliyin təqibi xüsusiyyətləri, Böyük Britaniya təcrübəsi”
mövzularında təqdimatlarla çıxış ediblər.

Hibrid formatda təşkil olunmuş konqresdə Avropa Kosmetik və
Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti, professor Ferid
Saracoğlu, İstanbul Aydın Universitetinin professoru, İstanbul
Aydın Universiteti Xəstəxanasının Süni Mayalanma Mərkəzinin rəhbəri
Banu Aygün Kumbak, Türkiyə Ginekolojik Endoskopiya Cəmiyyətinin
prezidenti, professor Fatih Şendağ və Türkiyənin Florence
Nightingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu, professor Ahmet
Cem İyibozkurt yerli mütəxəssislərlə birgə panel rəhbəri qismində
iştirak ediblər.

Ümumilikdə konqresdə “Antenatal xidmət və hamiləlikdə ürək
xəstəlikləri”, “Hamiləlik və daxili xəstəliklər”, “Hamiləlikdə
endokrin, qan xəstəlikləri və psixi status”, “Hamiləlikdə
infeksiyalar və cərrahi patologiyalar” başlıqlı 4 paneldə
Azərbaycan, Türkiyə və Böyük Britaniyanın yüksəkixtisaslı
mütəxəssisləri tərəfindən hazırlanmış 16 məruzənin dinlənilməsi
nəzərdə tutulub.

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssislərinin də
məruzəçi qismində iştirak etdiyi Konqres Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris
tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya
olunaraq 8 DTT balı qazanıb.

Teqlər: