5 May Xalçaçı Günü Şuşada qeyd olundu (FOTO)

Bu gün – mayın 5-i Azərbaycanda xalçaçıların peşə bayramı –
“Xalçaçı günü” kimi qeyd olunur.

“Azərxalça” ASC müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzidir.
Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Ölkəmizdə
yüz illərdir xalça toxunsa da, 2016-cı ilə qədər xalçaçıların peşə
bayramı olmayıb. Artıq altı ildir ki, “Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinin yaradıldığı gün – mayın 5-i “Xalçaçı Günü” kimi qeyd
olunur.

Dünyanın bir çox ölkəsində xalçaçılıq sənətinin mövcud olmasına
rəğmən, belə bayramın qeyd olunması ilk dəfə məhz Azərbaycanda
reallaşıb. Bu hadisə Azərbaycanda milli-mənəvi irsimiz hesab olunan
xalçaçılığa, bu xalçaları toxuyub ərsəyə gətirən toxuculara verilən
qiymətin bariz nümunəsidir.

Bu gün sürətlə inkişaf etməyə can atan “Azərxalça” ASC-nin əsas
məqsədi milli-mənəvi, mədəni irsimiz olan xalçaların qorunması,
xalçaçılıq işinin təbliği, xalça və xalça məmulatlarının istehsalı,
ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, yeni
texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi,
beynəlxalq sərgi və konfranslarda iştirakının təmini – bir sözlə,
Azərbaycanın milli xalça brendinin inkişafı üçün lazım olan bütün
tədbirlərin görülməsidir.

Bu il bu günün ikiqat əhəmiyyəti var. Çünki bu il
xalçaçıların bayramı mədəniyyət paytaxtımız, Qarabağın sənət
məbədi, xalçaçılıq sənətinin beşiyi Şuşada qeyd olundu. “Heydər
Əliyev Fondu”nun təşəbbüsü ilə Azərbaycan Turizim Agentliyinin 5-8
may tarixlərində keçirdiyi
Beynəlxalq Kulinariya Festivalı
çərçivəsində “Azərxalça” ASC Şuşaya baş çəkən yerli və xarici
qonaqlara özünün xalça toxuma prosesi haqqında “Xalça necə doğulur”
adlı interaktiv tamaşa formasını təqdim etdi. Tamaşa izləyənlərin
böyük marağına səbəb oldu, həmçinin, turistlər özləri toxuma
prosesində iştirak etdilər. Xatırladaq ki, festivalda kulinariya
ilə yanaşı, Azərbaycanın mədəniyyət və incəsənət nümunələrinin də
geniş təqdimatı baş tutdu.

“Xalçaçı günü”də “Azərxalça” ASC rəhbərliyi xalçaçılıq sənətinin
inkişafı və tərənnümündə rolu olan bütün əməkdaşlarını təbrik edib,
gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Müxtəlif rayonlarda
fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, rayon
gəncləri, məktəblilər də emalatxanalara baş çəkərək xalçaçıları
təbrik ediblər.

“Azərxalça” ASC-nin bir çox xarici ölkələrdə, o cümlədən BƏƏ-də
(EKSPO 2020 Azərbaycan pavilyonunda) sərgi davam etdiyi müddətdə,
mart ayının 31-dək satış və nümayiş nöqtəsi fəaliyyət göstərib.
Azərbaycan ilə ərəb ölkələri arasında uzunmüddətli, zəngin və
qarşılıqlı əməkdaşlığın 30 illik tarixini qeyd etmək məqsədi ilə bu
il fevralın 18-də xüsusi olaraq Dubay EKSPO 2020 sərgisi üçün
hazırlanmış “Dostluq” adlı xalça Azərbaycan Pavilyonunda təqdim
olundu. Bu ildən etibarən cəmiyyət tarixində ilk dəfə ipək
xalçaların toxunmasına da start verilib.

Müasir dizaynlı evlərində Azərbaycanda toxunmuş, əsl əl işi
xalçalarımızı fərqli üslubda görmək istəyən yerli və xarici
xalçasevərləri nəzərə alaraq, bazara yalnız klassik deyil, müasir
dizaynlı xalçalar da təqdim olunur. Bunun üçün də konseptual, gənc,
istedadlı dizaynerlər, rəssam və xalçaçıları işə cəlb edilir.

Yerli rəssamlarla yanaşı “Azərxalça” ASC xarici rəssam və
dizaynerlərlə də əməkdaşlıq edir. İsrailli rəssam Rami Meirin
əsərlərinin xalçalara köçürülməsi və satışı istiqamətində, o
cümlədən, Azərbaycanda fəaliyyət göstərən bir çox xarici ölkə
səfirlikləri ilə hər iki ölkədə xalçalarımızın sərgi və satışının
baş tutması haqqında da danışıqlar və qarşılıqlı əməkdaşlıq həyata
keçirilir.

Teqlər: