Hamiləlikdə əhval-ruhiyyənin yüksəlməsinə dair məsləhətlər

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin
rəisi, mama-ginekoloq Təranə Bayramova “Həkim məsləhəti”
rubrikasında hamiləlikdə əhval-ruhiyyənin yüksəlməsinə dair
məsləhətlərini bölüşüb.

Hamiləlik müddəti bir qadın üçün ən diqqət tələb edən dövrlərdən
biridir. Səbirsizliklə körpəni qucağa alacağı günü gözləyirlər. Bu
dövrü daha da əyləncəli keçirmək üçün nə etmək olar? Əvvəlki
əyləncə vərdişlərinizdən nələri dəyişdirmək lazımdır? Hamiləlikdə,
eyni zamanda, əylənərək özünüzə və körpəyə lazım olan qayğını necə
göstərmək olar?

Hamilələrə məsləhətlər:

  • Hamiləlik dövrü əslində əyləncəli bir zaman kəsiyidir,
    mümkünsə, bu günləri hiss edərək yaşamağa çalışın. Gündəlik yazmağa
    münasibətiniz necədir? Hamiləlik zamanı hər həftə bir foto
    çəkdirməyi tövsiyə edərdim. Gələcəkdə doğulacaq körpənizlə
    gündəlikdəki yazıları oxumaq, hamilə ikən çəkdirdiyiniz şəkillərə
    baxmaq sonradan çox zövqverici olur.
  • Özünüzü əzizləyin. Hamiləlik yoqası ilə məşğul olun, masaj və
    dəri qulluğu etdirin. Çəkinizə diqqət etmək şərtilə sevdiyiniz
    qidaları qəbul edin.
  • Özünüz və gələcək körpəniz üçün alış verişə çıxın.
  • Həyat yoldaşınız və ya yaxınınız ilə bərabər əlverişli hava
    şəraitində 30-40 dəqiqəlik gəzintiyə çıxa bilərsiniz.
  • Əgər ev xanımısınızsa, hobbi kurslarına (yemək, aşçılıq, rəsm,
    toxuma və s.) yazılın.
  • Həkiminiz uyğun görərsə, qısa müddətli səyahətə çıxa
    bilərsiniz. Yaddan çıxarmayın ki, uşaq doğulduqdan sonra
    yoldaşınıza qarşı diqqətiniz azalacaq, bu günlərinizi
    dəyərləndirin.
  • Artıq çəkili görünmə kompleksi olmadan dənizə, hovuza gedin,
    üzün.
  • Əgər həkiminiz yataq istirahəti uyğun görübsə, bu vəziyyətdən
    istifadə edin. Kitab oxuyun, film izləyin. Qoyun, bir az da sizə
    qulluq etsinlər.
  • Daha əvvəl doğuşu olan, ya da hamilə olan rəfiqələrinizlə tez
    tez görüşün, duyğu və təcrübələrindən faydalanaraq söhbətlər
    edin.
  • Qonaqlığa gedincə, spirtli içkidən istifadə etməyin, siqaretsiz
    və sakit məkanlara üstünlük verin, ağır, yağlı və gecə vaxtı qida
    qəbulundan imtina edin.
Teqlər: