Hamilə qadınların kütləvi yerlərdə olması onlar üçün yüksək riskdir – Həkim

Xəbər - Humay Ağacanova – Trend:

Koronavirus üçün risk qrupundan olanlardan biri hamilə qadınlardır.

AzerTimes-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib.

O qeyd edib ki, hamilə qadınların kütləvi yerlərdə olması, yığıncaqlarda, toy mərasimlərində iştirakı doğru deyil, bu, yüksək riskdir.

“Koronavirus əlaməti hiss edən kimi hamilələr dərhal test verməlidir. Cavab pozitiv olarsa, Bakıda yaşayanlar təcili tibbi yardıma xəbər verməlidir. Rayonlarda yaşayanlar isə qadın məsləhətxanasına müraciət etməlidir. Hamilə qadın koronavirusa yoluxubsa, dərhal xəstəliyin hansı səviyyədə olması, onun vəziyyəti qiymətləndirilir. Bundan sonra müalicə başlayır. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq xəstəxanaya yerləşdirilə bilər”, – deyə o bildirib.


T.Həsənova həmçinin qeyd edib ki, xəstəliyə yoluxanların uşağa süd verməsi tövsiyə olunmur.

“Çünki ana ilə uşaq arasında yaxın təmas olur. Ana koronavirusa yoluxmadığı halda süd verərkən maska taxması lazımdır. Yoluxduqdan sonra isə maska ilə belə süd verməsi məsləhət deyil”, – deyə həkim vurğulayıb.

Teqlər: