Naqif Həmzəyev: Bu görüş digərlərindən fərqli olacaq

Bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Görüşdə hansı məsələlər öz həllini tapacaq?

Deputat Naqif Həmzəyev bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi və regionda yaranmış yeni reallıqlar fonunda Ermənistan bu məğlubiyyətini qəbul etmək istəmir:

“Ermənistan prosesləri uzadaraq faktiki olaraq öz xeyrinə nəticə əldə etmək istəyir. Ancaq Azərbaycanın səbri yoxdur, çünki otuz ilə yaxındır ki, səbr etdi. Lakin Ermənistan daim danışıqlar masasından qaçdı və problem sülh yolu ilə həll olunmadı. Azərbaycan yalnız öz gücü və cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu problemi həll etdi. Artıq post-münaqişə dövründə bir ili arxada qoymuşuq. Bu bir il ərzində Ermənistanın özünü aparması, açıqlamaları, şərhləri onu deməyə imkan verir ki, onlar yalnız və yalnız vaxt udmaq istəyirlər. Proseslər əslində qısa bir müddətdə öz həllini tapa bilər, çünki üçtərəfli bəyanat var. Lakin görünən odur ki, Ermənistan proseslərin Rusiyanın vasitəçiliyi ilə həllindən çox, Avropa İttifaqının və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə həllinə meyillənir. Burda da əsas hədəf vaxt qazanmaqdır”.

Parlamentari qeyd edib ki, ancaq regionda uzunmüddətli sülh və əmin-amanlığı istəyən və Azərbaycanın real gücünü qəbul edən tərəflər var:

“Bu baxımdan da Soçi görüşünün baş tutması faktiki olaraq Ermənistanın divara dirənməsi deməkdir. Burda birbaşa sülh sazişinin imzalanması gözlənilmir. Ancaq sərhədlərin tanınması ilə bağlı Komissiyanın yaranması məsələsi bu görüşdə öz əksini tapa bilər. Bununla bağlı hansısa sənəd imzalana bilər. Görüşdə bir daha Ermənistana Azərbaycanın mövqeyi çatdırılacaq. Əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə ikitərəfli görüşlər baş tutacaq, daha sonra üç dövlətin rəhbərliyi məsələləri müzakirə edəcək. Azərbaycanın mövqeyi bəllidir və şərtlərini bir daha diktə edəcək. Ermənistan isə nəyin bahasına olursa olsun, bu şərtləri qəbul etmək məcburiyyətindədir. Əks təqdirdə həm Azərbaycanın, həm Rusiyanın, həm də Türkiyənin təzyiqi, həmçinin faktiki olaraq Ermənistandakı xaos və narazılıqlar fonunda Paşinyan öz hakimiyyətini itirə bilər. Bununla da Ermənistan daha rəzil və rüsvayçı vəziyyətə düşə bilər. Mən düşünürəm ki, bu görüşdən müsbət nəticələr alınacaq və növbəti ay Avropada Brüsseldə baş tutacaq görüşə qədər xeyli yolu qət etmək mümkün olacaq”.

Teqlər: