Hacı Şahinə kim qəsd etdi?..

Hacı Şahinə kim qəsd etdi?..

Tanınmış din xadimi, ilahiyyatçı Hacı Şahinin qəfil ölümünü eşidəndə ilk ağlıma gələn qəsd oldu. Niyə?

Yəqin ki, onu bu cür tanıtmaq lazımdır: imanı kamil, ibadət əhli, Allahın buyruqlarına qeyd-şərtsiz əməl edən, əməlisaleh müsəlman və s.

Ancaq böyük həvəslə onu xüsusi istedadı olan natiq, mənimsədiyi elmi və ürfanı təbliğ etmək qabiliyyətinə malik mürşid, rəqibinə qarşı böyük sayğısını qorumaqla onu öz savadı və ərkanı ilə məğlub etməyə qadir müəllim, milli-vətənpərvər ziyalı, hər zaman dövlətinin yanında olan din xadimi, dövlətin maraqları ilə dini uzlaşdırmağı bacaran şeyx… kimi təqdim edərdim.

Hacı Şahin şiələrə aid bütün mərasimlərdə olardı, moizələr, xütbələr söylərdi; Hacı Şahinin Qədr gecələrində saatlarla etdiyi çıxışlarına onminlərlə insan canlı dinlərdi və nə ateisti, nə də digər düşüncə sahibi ona etiraza qalxmağa cəsarət edərdi.

Hacı Şahinin fərqli baxışı, fərqli yanaşması vardı: imandan uzaqlaşmazdı, amma yenilikçi idi, düşüncə baxımından öndəgedən idi. “11 ay yeyib-içən bir şəxsin Orucluq ayında 1 ay oruc tutub, namaz qılması doğrudurmu” sualına verdiyi cavabı heç unutmaram! Təxminən bu sözləri demişdi: “Onun bir ayda oruc tutub, ibadət etməsinə çox yaxşı baxıram. Fikriniz nədir? Deyirsiniz 12 ayın hamısında yeyib-içsin? Heç olmasa 1 ayı ibadət edir! Bu o deməkdir ki, nə vaxtsa digər 11 ayda da ibadət edəcək”.

Bu, klasik anlamda dini yanaşma deyildi – mövcud reallıqları duymaq, ondan çıxış etmək və insanların daxilində oyanmış ani iman qığılcımlarını oda çevirmək bacarığı idi.

Səsində bir hüzur, sakitlik vardı – daxili inam və imanından gəlirdi. Çevik düşüncəsi, hazırcavab beyni, yüksək savadı, məntiqi və sistemliliyi vardı.

Onu başına Quran qoyan da görürdük, mərsiyə mərasimində ağlayan da. Ancaq kimsə bu ənənələri yaşadan Hacı Şahinin “islam xürafatı” deyə ümumiləşdirilən qaranlıqda ilişib qaldığını iddia edə bilməzdi. O, “qaranlıq” kimi təsəvvür olunan o yerlərdə belə işıq idi.

Hacı Şahin qatı şiə idi, bütün ənənələri qoruyurdu, amma heç vaxt İran təsirində olmamışdı – İranın şiəlikdən ustaca sui-istifadələrini görəcək və bunlardan uzaq durmağı, bəzi hallarda bunların üstünə getməyi bacaracaq qədər ağıllı, müdrik və cəsarətli idi.

Heç bir “komromatı” yox idi – nə ETTELAAT-a işləmişdi, nə KQB-yə; nə İranın sifarişlərini icra edən idi, nə də vəhhabilərin, nurçuların, gülənçilərin…

O, yalnız bizim idi – Azərbaycanın; bu torpağın yetişdirməsiydi, bu torpağa bağlıydı! Aşura mərasimində qara bayraqları bir kənara atdırıb, Azərbaycan bayrağını götürmək xahişi edən və Üçrəngli bayraqların dalğası altında o mərasimi keçirmək cəsarəti göstərən din xadimi, vətən oğlu idi!

Onun Bütün Qafqazın yeni şeyxi olacağı heç mübahisə mövzusu belə deyildi; hər kəs onun Allahşükür Paşazadədən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi Bütün Qafqaz müsəlmanlarına ən layiqli rəhbər olacağını düşünürdü və elə də vardı, bunu da gözləyirdik.

Hacı Şahinin Qafqazın şeyxi olması İranın Azərbaycanda din adıyla yaratdığı casus torunun parçalanmasının sürətlənməsində də müstəsna rol oynayacaqdı. İranla mənəvi-maddi-dini bağları olmayan, mollalarla biznes qurmayan, təmiz adı ilə yaşayan Hacı Şahinin şeyxliyini hər kəs səbirsizliklə gözləyirdi.

O əxlaq sahibi deyildi ki, bunu hansısa formada nümayiş etdirəydi, hansısa formada rəhbərliyin yanlışlarına qarşı çıxaydı; yalnız öz əməli ilə bu yanlışları düzəldərdi – səssiz-küysüz, qalmaqaldan uzaq, abırla və imanla.

…Buna görə Hacı Şahinin ölüm xəbərini eşidəndə ağlıma ilk gələn qəsd oldu!

Ölüm – Haqqın işidir; Allah ruhu geri çağırırsa, verməmək olmaz – “nə niza eyləyəlim, ol nə sənindir, nə mənim”…

Hacı Şahinin Nəsimi yaşında dünyasını dəyişməsinin mənaları haqda uzun-uzadı yazaram; Hacı Şahinin bizi 7×7-nin tamamında tərk etməsini hüruflarla, rəmzlərlə bəzəyərəm, amma…

Amma “niyə enerjili, məntiqli, ağıllı, vətəninə və Azərbaycana bağlı, İrandan uzaq, Qafqaz şeyxliyinə ən ideal və alternativsiz namizəd Hacı Şahin 49 yaşında dünyasını dəyişməlidir” şühbəsindən qaça bilməyəcəm.

Unutmayın: Hacı Şahini hamımız sevirdik – İrandan və QMİ-dəki bəzilərindən başqa…

Teqlər: