Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən
Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə, S. İbrahimov 6 il 9 ay azadlıqdan məhrum
edilib.
Qeyd edək ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin “STS”
şirkəti, “Sahil-D Kompani” MMC-nin təsisçisi, dələduzluq faktlarına
görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən
oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı
əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma
aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işi başlanıb.
Həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya
bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə
əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata
keçirilib.
Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə
«STS» şirkəti və «Sahil-D Kompani» MMC-nin təsisçisi Sahib
İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə
qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd
edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan
binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq
məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu
ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min
manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf
etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə
vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə
əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi
sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin
ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində
pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən
dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel
2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2
(külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə
səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və
313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib,
sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif
üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, S. İbrahimov Disaportla iş üzrə Dövlət
Komitəsinin sabiq sədri Nazim İbrahimovun və tanınmış iş adamı Hacı
İbrahim Nehrəmlinin qardaşıdır.