H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun genişləndirilməsi davam etdirilir (FOTO/VİDEO)

Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən,
vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişin
daşımanın rahatlaşması ilə bərabər kənd təsərrüfatı, turizm və
sənayenin birbaşa inkişafına səbəb olacaq yol infrastrukturu
layihələrinin icrası davam etdirilir. Layihələr yerli, respublika
və beynəlxalq əhəmiyyətli avtomobil yollarını əhatə edir.

Agentlikdən AzerTimes-a bildirilib ki, respublika əhəmiyyətli Hacı
Zeynalabdin Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa
genişləndirilməsi də bu cür layihələrdən sayılır. Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti
işləri sürətlə davam etdirilir.

H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa
genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti
işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət
hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilir.

Görülən işlər çərçivəsində marşrut boyu mövcud örtüyün
sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması
və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası,
yolboyu asfalt-beton örtüyün alt layının döşənməsi işləri
yekunlaşıb, yolun 7-13 km hissələrində yolayrıcı betonlar
qoyulub.

Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən
bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların
inşası, yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar
kommunikasiya xətlərinin köçürülməsi işləri də artıq bitib.

Hazırda geriyə dönmə hissələrin işlənməsi, nəzərdə tutulan 2
yerdə bordürların qoyulması, 2-4.6-cı km-lik hissədə yolun oxunun
profilə salınması işləri aparılır. Paralel olaraq yeni asfalt-beton
örtüyünün digər laylarının döşənməsi işləri də icra olunur.

Sadalanan işlərlə yanaşı H.Z. Tağıyev-Sumqayıt avtomobil yolunda
metal konstruksiyalı yeni piyada keçidinin inşası da davam
etdirilir. Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz
keçməsini təmin etmək istiqamətində yerüstü piyada keçidi yolun
3.8-ci km-də inşa edilir. Keçidin uzunluğu 30, eni isə 3.5
metrdir.

Yolun 4.6 və 8.7-cı km-lik hisələrində də daha iki bu cür piyada
keçidinin inşası nəzərdə tutulur.

Görülən işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən
yüksək keyfiyyətlə Agentliyin rəhbərliyinin nəzarəti altında
aparılır. Layihənin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq
yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb
olunub.

Teqlər: