Güzdəkdə daş karxanasında qanun pozuntuları aşkarlanıb (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi
və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən
işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini
davam etdirir.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, bu çərçivədə,
Agentliyin müfəttişləri tərəfindən Abşeron rayonu, Güzdək
qəsəbəsində fərdi sahibkar Abdullayev İlqar Yadulla oğluna məxsus
daş karxanasında plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı
karxanada insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək
pozuntular aşkar edilib.

Belə ki, daşkəsən maşının təcili dayanma avadanlığının olmadığı,
üst arabacığı hərəkət etdirən mühərrikin sıradan çıxması səbəbindən
əməliyyatın ling vasitəsilə aparıldığı müəyyən edilib. Həmçinin,
daşkəsən maşını elektrik enerjisi ilə təmin edən ötürücü naqillərin
birləşmə yerlərinin izolyasiyasız olması, naqillərin isə elastik
olmaması nöqsan kimi qeyd edilib. Bundan əlavə, müfəttişlərin
əraziyə baxışı zamanı daşkəsən maşının hərəkəti üçün nəzərdə
tutulmuş rels yolunun sonunda dayaqların olmadığı aşkar edilib.
Eləcə də karxananın kənarında yerləşən paylayıcı yarımstansiyanın
ətrafında qoruyucu çəpərin olmaması da nöqsan olaraq müfəttişlər
tərəfindən qeyd edilib.

Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən
karxana rəhbərliyi və işçilərlə profilaktik söhbət aparılıb, aşkar
edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan
qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Aşkar edilmiş pozuntular barədə akt tərtib olunaraq,
pozuntuların qısa müddətdə aradan qaldırılması üçün sahibkara
təqdim edilib.

Teqlər: