Gürcüstanlı din xadimləri İlahiyyat İnstitutunda olub (FOTO)

Ölkəmizdə səfərdə olan Gürcüstanın din xadimlərindən ibarət
nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı
olub.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov
qonaqları İnstitutda görməkdən məmnun olduğunu vurğulayıb, din
xadimlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərini təşkil
edənlərə təşəkkürünü bildirib.

Ali təhsil müəssisəsi haqqında geniş məlumat verən M.Mürsəlov
Aİİ-nin yaradılması, fəaliyyəti haqqında söhbət açıb. İnstitutda
təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, tələbələrin
geyim, yemək və yataqxana xərcləri ilə təmin olunduğunu nəzərə
çatdırıb. Gənclərin sağlam ruhda tərbiyə olunmalarının vacibliyini
bildirən M.Mürsəlov qeyd edib ki, dini biliklərə yanaşı dünyəvi
biliklərə də yiyələnən mütəxəssislərə ehtiyacımız var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini
Gündüz İsmayılov dövlət-din münasibətləri və hazırda ölkəmizdə din
sahəsində mövcud olan vəziyyət haqqında məlumat verib. G.İsmayılov
yüksələn xətlə inkişaf edən dövlət-din münasibətlərinə diqqət
çəkərək, bu siyasətin bariz nümunəsi olan Mənəvi Dəyərlərin Təbliği
Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını xüsusi
vurğulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru
Mehman İsmayılov təmsil etdiyi müəssisə haqqında geniş məlumat
verib. Bildirib ki, Fond mənəvi dəyərlərin qorunması, inkişafı, o
cümlədən, din-dövlət münasibətlərinin inkişafı istiqamətində
fəaliyyət göstərir. Fond vətəndaşlara dini etiqad azadlıqlarının
həyata keçirilməsində dəstək göstərir, maarifləndirmə işləri
aparır.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Ramin
İgidov Azərbaycanın və Gürcüstanın dini qurumları arasında sıx
münasibətlərin mövcud olduğunu, ölkələrimiz arasında bu sahədə
əlaqələrin daha da möhkəmlənməsi və gələcəkdə qarşılıqlı
əməkdaşlığın genişləndirilməsindən əminliyini ifadə edib. Ramin
İgidov dünyada radikallığın artdığı indiki dövrdə Azərbaycanın
tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyərək, bu
təcrübənin öyrənilməsinin vacib olduğunu bildirib.

BGMİ-nin Şərqi Gürcüstan müftisi Etibar Eminov, BGMİ-nin Qərbi
Gürcüstan müftisi Adam Shantadze və Ümumi Gürcüstan Müsəlmanları
Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov da çıxış edərək, Aİİ-də
olmağın məmnunluğunu ifadə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq
istiqamətləri barədə fikir mübadiləsi aparılıb, din xadimlərinin
sualları cavablandırılıb.

Teqlər: