Gürcüstana yağan leysan yağışları paytaxt Tiflis də daxil olmaqla, bir neçə rayonda ciddi fəsadlar törədib.
AzerTimes xəbər verir ki, təbii fəlakət Kaspi rayonunda bir nəfərin həyatına son qoyub.
Belə ki, Kaspi rayonu ərazisindən keçən Kavtura çayı məcrasında çıxıb və sel suları Kavtisxevi kəndi ərazisində içərisində 3 nəfərin olduğu minik avtomobilini aparıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xilas edilib. Üçüncü şəxsin axtarışları isə davam edir.
Qori rayonu ərazisindəki Medcuda və Tortla çayları da məcrasından çıxaraq 4 kəndin və məcburi köçkünlərin məskunlaşdığı Karaleti qəsəbəsini su basıb. 70-dən çox evin birinci mərtəbəsinə və ictimai-iaşə obyektinə su dolub.
Tianeti bələdiyyəsi ərazisindəki 10 kəndlə əlaqə tam kəsilib. Leysan yağışları və sel suları magistral yolları, qaz kəmərlərini, elektrik dirəklərini dağıdıb, təsərrüfat sahələri yararsız vəziyyətə düşüb.