Gürcüstanda koronavirusla bağlı əksər qadağalar ləğv olunur

Martın 28-dən Gürcüstanda pandemiyaya görə tətbiq edilən ictimai
nəqliyyat və qapalı məkanlarda qoruyucu tibbi maskadan istifadə
istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Trend verir ki, bu barədə Dövlət Qurumlararası Koordinasiya
Şurasının Operativ Qərargahının rəhbəri Giorgi Qibradze məlumat
verib.

Onun sözlərinə görə, ictimai iaşə obyektləri, eləcə də idman,
incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv
ediləcək. Distant qaydada çalışanlar iş yerlərinə qayıda
biləcəklər.

Bundan başqa, PCR test olmadan Gürcüstana qayıdan ölkə
vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar.

Lakin, ictimai nəqliyyat və qapalı ictimai məkanlarda maskadan
istifadə tələbi qüvvədə saxlanılır.