Güneydən insanlarımız İzmirə gəlməyə çəkinirlər. Odur ki, son tarixə kimi onları gözləyəcəyik.
Bu sözləri AzerTimes-a Türkiyədə fəaliyyət göstərən Güney Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Camal Mehmetxanoğlu İzmirdə keçirilməsi planlaşdırılan Güney Azərbaycan Sənət Festivalı haqqında danışarkən deyib.
O, bəzi insanların rejimin basqılarından çəkindiyini bildirib.
“Güneylilər bu festivalda iştirak etmək istəsələr də, maddi səbəblərdən dolayı qatıla bilməyənlər var. Buna baxmayaraq, sentyabrın 30-da nəzərdə tutulan festival mütləq baş tutacaq, ləğv edilməyəcək. Məqsəd türkiyəli soydaşlarımıza Güney Azərbaycan mədəniyyətini və sənətçilərini yaxından tanıtmaqdır. Beş aydan çoxdur ki, festivalla bağlı hazırlıqlarımız gedir. Güneydən gələnlər olsa, daha yaxşı olardı. Türkiyədə və xaricdə yaşayan güneyli sənətçilərin iştirakı ilə tədbirimizi keçirəcəyik. Cavid Təbrizli, Xosrov Əmiri, Sonay Ruhi, Londondan tanınmış sənətçi Fərhad Əmiri festivalda iştirak edəcək. Bu çox önəmli festivaldır. Güney Azərbaycan mədəniyyətini tanıtmaq baxımından bir fürsətdir”, – deyə o bildirib.