Güneydə “Sarı gəlin”lə ürəkləri fəth etdi – Video

Güneydə “Sarı gəlin”lə ürəkləri fəth etdi – Video

“Səda” mahnı yarışında iştirak etdim və fəxr edirəm ki, məhz “Sarı gəlin” mahnısını oxudum.

Bu sözləri AzerTimes-a güneyli müğənni Rza Xatəminiya bir neçə gündür sosial platformalarda geniş yayılan “Sarı gəlin” ifası ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, ifanın hamı tərəfindən sevilməsinə səbəb mahnını fərqli oxuması olub:

“Peşəkar musiqi təhsilim var. Bir neçə ustad xanəndədən dərs almışam. Elə “Sarı gəlin” mahnısını oxumağı da mənə ustadım Həsən Məbədi Ətbari məsləhət gördü. Mən də onun məsləhətinə qulaq asdım və peşman olmadım. Fərqli oxudum, ona görə ifam bəyənildi”.

Müğənni ifasının tamaşaçılar tərəfindən sevinclə qarşılanmasına da münasibət bildirib:

“Mən yarışmanın finalına kimi gəlib çıxmışam. Finalda oxuduğum ifanı insanlar əvvəllər də eşidiblər. Mənim tərzimi və ifamı istər müsabiqə iştirakçıları, istərsə də zalda oturanlar çox bəyəndilər. Mahnı çox yaxşıdır, dinləyən zövq alır. Elə orada olan insanlar da bu mahnını mənimlə birgə oxudular. Hesab edirəm ki, Azərbaycan mahnısını ürəkdən oxuduğum üçün belə rəğbət qazandım”.

Qeyd edək ki, güneyli müğənninin səs yarışmasında “Sarı gəlin”i oxuduğu video bir neçə gündür sosial platformalarda böyük maraqla qarşılanıb.

Teqlər: