Güney aksiyaya hazırlaşır: Tehran rejimi basqını artırdı

Güney aksiyaya hazırlaşır: Tehran rejimi basqını artırdı

Güney Azərbaycanın bir çox şəhərlərində milli fəallarımız Xordad qiyamının ildönümü üçün on gündür yorulmadan çalışırlar. Bu isə rejimi ciddi mənada narahat edir.

Bu sözləri AzerTimes-a Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlı ötən gün milli fəalların saxlanılması ilə bağlı xəbərləri şərh edərkən deyib.

O bildirib ki, Tehran rejimi xalqın bir yerə toplaşmasından qorxuya düşdüyü üçün milli fəalların saxlanılması planını işə salıb:

“Güney Azərbaycan siyasi təşkilatları “Xordad qiyamını unutmayaq” məzmunlu broşürlər yayaraq bir sıra şəhərlərdə fəaliyyət göstərməyə başladı. Milli azadlıq hərəkatının ağsaqqalları ilə məsləhətləşərək qərar verdik ki, Təbriz və bir neçə iri şəhərdə 1 Xordadda aksiyalar keçirək. Şəhidlərimizin xatirəsini yad edək. Bundan narahat olan rejim xalqı nəzarətdə saxlamaq üçün basqıları artırmağa, tanınmış milli fəalları və bir sıra şəxsləri tutmağa başlayıb. Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbri mayın 18-i axşam saatlarında saxlanılıb. Tutmadıqları fəallara isə telefonla zəng edərək, hədə-qorxu gəliblər.

Onlara xəbərdarlıq ediblər ki, mayın 22-də evlərindən çölə çıxmasınlar. Rejim çalışır ki, Xordad qiyamının Anım günündə küçələrdə heç bir toplaşma və kütləvi tədbir olmasın”.

Qaradağlı bildirib ki, Tehranda “Traktor”-“İstiqlal” qarşılaşması zamanı stadionda Bütöv Azərbaycan bayrağının qaldırılması rejimi daha ciddi tədbirlər almağa sövq edib:

“Tehranın Azadi stadionunda baş tutan “Traktor”-“İstiqlal” oyununda Bütöv Azərbaycan və Güney Azərbaycan bayrağı qaldırıldı. Həmçinin, milli şüarlar səsləndirildi. “Traktor”un tərəfdarları tutuldu, bəzilərinə fiziki güc tətbiq olundu. Tehran rejimi də bilir ki, oyun bəhanədir və əsas məqsəd milli şüraların səsləndirilməsidir. Onlar da anlayır ki, bu kütlə Xordad qiyamının ildönümündə küçələrdə ola bilər. Odur ki, əvvəlcədən tədbirini alır”.
Ağrı Qaradağlı milli fəalların həyatı üçün təhlükələrin ola biləcəyinə diqqət çəkib:

“Bu basqılar bizim milli fəallarımız üçün ağır nəticələrə səbəb olur. Son etirazlardan sonra İran daha çox qorxuya düşüb. Hərəkatçılara uzunmüddətli həbs cəzaları verilir. Tutulmayanlar isə əgər tələbədirsə, universitedən qovulur, yaxud iş yerlərindən uzaqlaşdırılır. Bu, müyyən mənada milli fəallarımızın işini aşkarda deyil, gizlində etməsinə səbəb olur. Bu qədər basqıya rəğmən fəallarımız geri çəkilmir”.

Xatırladaq ki, 2006-cı il mayın 12-də “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura dərc edilib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.

Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.

Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.

Hər il azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsini yad edirlər.

Teqlər: