Günəşlidə rusdilli küçə pişiyi…

Günəşlidə rusdilli küçə pişiyi…

Bu kişi bayaqdan getmir, ikiqat bükülüb az qalır yalvarsın küçəyə sığınan sahibsiz pişiyə, heyvanı yola gətirməkdən ötrü bəlkə diz çökməyə də razıdı, amma pişik ona yovuşmaq istəmir, boz pişik yola gəlmir ki, gəlmir. İstəyir pişik ondan çəkinməsin, lap yaxına gəlsin, onun əlindəki salofan torbanın qoxusunu alıb iyləsin, kilkə balıqları, dilimlənmiş kolbasanı görüb iştaha gəlsin, sevinsin, amma xeyri yoxdu, sahibsiz pişik ona nəvaziş göstərən adamı saymır.

Kişi səbrli adamdı, hirslənmir, gözləyir, axı sahibsiz heyvana yaxşılıq etmək üçün buradadı.

Boz pişik bayaqdan onu dilə tutmaq istəyən ahıl kişinin gözlərinin içinə baxa-baxa dayanıb durub. Ağacın kölgəsinə qısılan adsız küçə pişiyi ona yalvaran insan adlı şüurlu varlığa vecsiz-vecsiz tamaşa edir. Adam isə əl çəkmir, əlindəki torbanı açıb otluğa qoyur, içindəkiləri pişiyə göstərir, nəfsli küçə heyvanını asanlıqla tamahlandırmaq istəyir. Pişik hələ ki, yola gəlmir. Hələ ki…

Qəribədi, axı heç tox pişik də belə eləməz, heç xəstə heyvana da oxşamır, bəlkə diqqəti cəlb etmək istəyir, onsuz da hamı onlara, bir kişi ilə bir pişiyə baxır. Hamı pişiyin nə vaxt yola gələcəyini gözləyir. İndiyə qədər kiminsə sahibsiz heyvana bu qədər səbrlə, dözümlə yalvardığını görməmişdim. İndi şahidəm. Sahibsiz küçə pişiyi ilə danışıqlar davam edir…

Tərs heyvandır. Parka gedən yolun qırağında durub, bayaqdan ötüb-keçənləri də yoldan eyləyib, deyəsən, başına adam yığmağı xoşlayır. Kişinin isə ondan əl çəkmək fikri yoxdu, yaman inad edir, deyəsən, pişiyin qarnını doyurmamış gedən deyil. Bayaqdan adını bilmədiyi boz pişiyi çağırır: “Gəl, gəl, gəl görək, qəşəng pişik, ağıllı pişik, gəl. Yavaş-yavaş gəl… Yaxın gəl, ay pişik, gəl, ay Allahın heyvanı, vallah səninlə işim yoxdu e, istəyirəm ki, yeyəsən də. Qorxma! Bax, bəh-bəh! Yaxın gəl, axı sənə yemək gətirmişəm”. Pişiyi xeyli dilə tutsa da, yenə bu uzun-uzadı mühazirənin xeyri olmur. Pişik donuq nəzərlərlə əlində selofan torba tutmuş adama baxır.

Və birdən qonşu peyda olur. Birinci Qarabağ savaşı iştirakçısı, ikinci qrup əlil olan ustanın zarafatyana söylədiyi “Ay kişi, Azərbaycanda doğulmaqlarına baxma e, bu pişiklər bizim dildə anlamırlar. Sən onu rusca danışdır, gör necə yumşalır”. Eşidənlər qazinin sözünə gülürlər və hamı da birdən heyrətə gəlir…

Kişi barmağını cütləyib heyvana uzatdı, sahibsiz küçə pişiyini rus dilində çağıran kimi pişik “Koşuçka, kisa, idi suda” sözlərini eşidib quyruğunu buladı, cəld torbanı qamarladı.

Bayaqdan heyvana yalvaran kişi pişiyə elə təəccüblə baxırdı ki, sanki təşəkkür gözləyirdi.

Bakıda, Abşeronda, qəsəbələrdə künc-bucaqda sığınacaq tapan minlərlə pişiklərdən biri, Günəşlidəki küçə pişiyi dünən də ac qalmadı…

Teqlər: