“Günay Bank”ın əmanətçilərinə ödənilən kompensasiya…

“Günay Bank”ın əmanətçilərinə ödənilən kompensasiya…

Əmanətlərin Sığortalanması Fondu (ADIF) iyunun 19-dan bu gün saat 14:00-a qədər lisenziyası ləğv olunmuş “Günay Bank” ASC-nin əmanətçilərinə 16 milyon 462 min 586 manat kompensasiya ödəyib.

AzerTimes xəbər verir ki, bunu Fondun icraçı direktoru Tural Piriyev bildirib.

“Bu məbləğ 850 nəfər əmanətçiyə ödənilib və bankdakı sığortalanmış (kompensasiya olunan) əmanətlərin təxminən yarısı deməkdir”, – deyə o qeyd edib.

2023-cü il I rübün sonuna “Günay Bank”da sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat olub. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq.

“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 %-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100 %-i qədər kompensasiya ödəniləcək.

Azərbaycan Mərkəzi Bankı mayın 16-da “Günay Bank”ın məcmu kapitalının müəyyən edilmiş tələbdən – 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək “Banklar haqqında” qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib.

Teqlər: