…77 yaşlı ANA öz atasını, qaynatasını, əzizlərini
haraylayır yandırılmış, dağıdılmış
qəbiristanlıqda…
Hara boylansa da, hansı yönə getsə də, məzarları
tapa bilmir…
Eşim-eşim edilmiş qəbiristanlıqda nə giriş səmti
qalıb, nə də başqa bir işarə…
Talan edilən, nişanəsiz ərazidə çaş-baş döyükür,
gözyaşı axıdır …
Nə qədər nalə çəkilsə də, bu ağıdan yer-göy titrəsə
də, heyhat, gerçək budur…
28 illik istilanın dəhşətli mənzərəsi bütün hüznü
ilə ilk olaraq burada görünür – kəndin girişindəki
qəbiristanlıqda…
Yaxşı vaxtlarda, bəxtəvər günlərdə də kəndə gələndə
ilk olaraq əzizlərinin məzarlarını ziyarət edib, onların ruhu ilə
söhbətləşərdi, arxayınlaşardı, rahatlaşardı, sonra kəndə
keçərdi…
Sonuncu dəfə burada 1992-ci ilin mayında, atəş,
barıt, qan qoxuyan bir yaz günü əzizi şəhid Şamilin dəfnində
olmuşdu, təhlükəsizlik baxımından onda heç kəndə də
buraxmamışdılar…
Tam 30 il sonra – 2022-ci ilin mayında, hələ də
həsrət, nisgil qoxuyan bir yaz günü, öz təbirincə desək, “Göydə
Allahın, yerdə isə Prezidentinin sayəsində” doğulduğu, böyüdüyü
kəndinə qayıtmışdı…
Uşaqlığına, keçmişinə, xatirələrinə, ən əsası, özünə
qayıtmışdı…
Ağdama, Gülablıya qayıtmışdı…
5 min yaşlı Gülablı
Ərazisində tapılan abidələrin, xüsusən də kurqanların tarixi
eramızdan əvvəl III-II minilliklərə, yəni 5 min il öncəyə gedib
çıxan Gülablı Ağdamın ilk işğal olunan kəndi idi. 11 erməni kəndi
tərəfindən üzük qaşı kimi mühasirəyə alınan Gülablı ermənilər üçün
həmişə ən əhəmiyyətli strateji məntəqə və Ağdama, Aran Qarabağa
açılan “qapı” sayılırdı. Ağdərə və Xocavənd rayonları ilə sərhəddə
yerləşən kənd məsafəcə həm də Şuşaya, Xankəndiyə, Xocalıya çox
yaxındır.
1905-ci, 1915-ci, 1918-ci, 1920-ci illərdə dəfələrlə ermənilər
tərəfindən dağıdılan, yandırılan Gülablı 1992-ci ilin 4
sentyabrında işğal edildi. 28 il 2 ay 16 gün sonra müzəffər
əsgərlərimiz müqəddəs bayrağımızı yenidən bu qədim kəndin üzərində
dalğalandırdılar.
İndi 4 qadın yürüyür daşı daş üstdə qalmayan Gülablıya
doğru…
Avtomobildən düşərək, addım-addım gedirlər bu yolu…
30 il həsrətində olduqları bu yolda bir kərə yürüməyə illər boyu
qurban deyiblər, ən böyük arzu-dilək kimi yaşadıblar
içlərində…
Gülablının işğalına 28 il Bakıdan ağlayan bu insanlar indi
işğalın dəhşətini və vəhşətini öz gözləri ilə görüb yeri-göyü
inlədən nalə çəkirlər…
Gülablı vəhşi istismarın məruz qoyduğu böyük bir xarabalığa
çevrilib. Ətrafda tanış iz, əlamət arayırlar. Nəhayət, bir nişanə
görünür. Ağdam şəhərində Cümə məscidi necə oriyentirdirsə,
Gulablıda da tək istiqamətverici məkan, yəni mövcud olan yeganə
yarıuçuq tikili kənd məktəbidir. Məktəbin sol tuşundan ilk olaraq
Çatallar məhəlləsinə doğru gedir qadınlar…
Ofelya Hüseynova qudası Səadət, gəlinləri Mətanət və Gülşənlə
çıxdıqları bu yolda onlara dəstək olanlara, şərait yaradanlara
minnətdardırlar. Bu ziyarətin işğaldan azad edilmiş yurdlardan
hazırlanan silsilə reportajların bir parçası olması da ona xüsusi
sevinc gətirir: “Demək, bu ziyarət həm də tarixə çevriləcək… Bu
səfəri ölənlərim və qalanlarımın, bütün qohum-əqrəbamın, sayı
azalan bacılıq-rəfiqələrimin hamısının əvəzinə edirəm”…
Gülablıda 1945-ci ilin soyuq yanvar günündə dünyaya gəlsə də,
həyatının bütün isti anları, xatirələri burada keçib. Sərt qış
sazağını isə Gülablısız illərdə yaşayıb. Bakıda təhsil alıb kəndə
qayıtdıqdan sonra Çıraqlı məhəlləsinin məşhur “Ağakərimlər öyünə”
(evinə) gəlin gedib. Sonra tale yeni ailənin yolunu Bakıya
yönəldib. Əri Kərimlə böyük zəhmətlə ev qurublar, övladlar
böyüdüblər. Amma özü demiş, sanki burada qonaq olublar, paytaxtı
yeni vətən saymayıblar, elə ağdamlı olaraq qalıblar. Bir ayaqları
daim Gülablıda olub, yalnız yayı deyil, elə bütün fəsillərdə, ayın
o başı da – bu başı da Gülablıya gəlib-gediblər, əri ilə,
bacı-qardaşları, qayın-baldızları ilə…
İndi isə Gülablıya o qələbəlikl ə, o coşqu ilə dönə bilmir…
Yoldaşı, bacı-qardaşları, qayın-baldızları Gülablı həsrəti ilə
dünyalarını dəyişiblər, Mingəçevirdən Badamdara, Biləcəridən
Beyləqana, Quzanlıdan Əhmədliyədək hər məzarlıqda Gülablının bir
parçası uyuyur…
Gülablı işğal dövründə ermənilər tərəfindən sıx
məskunlaşdırılıb. “Vazgenaşen” kimi murdar bir ad verdikləri kənd
rəzil separatçı rejimin ən böyük 10 yaşayış məntəqəsi sırasında
olub və “Martuni rayonu”na daxil edilib. Düşmən kəndin yalnız
möhtəşəm evlərini talan etməyib, yollarını da dağıdıb. Bir sözlə,
Gülablının izini itirməyə çalışıblar.
Ermənilər savaşın ilk illərində onlara gözdağı olan Ağdama,
Gülablıya bunun əvəzini belə vəhşi talanla ödəyiblər… Ağdamdan,
Gülablıdan belə qisas alıblar…
Mülklərinin 90 faizindən artığı ikimərtəbəli olan kənddə
evlərin, hasarların hətta bünövrəsini tapmaq mümkün deyil. Ağdamın
cənnət guşəsi sayılan, sanki meşənin içində salınmış Gülablıda indi
adda-budda 10-15 illik bir neçə ağaca rast gəlmək olar. 3500 hektar
yararlı torpağa və 1000 hektardan artıq meşə sahəsinə sahib olan
ərazidə əvvəlki yaşıllıqların, ağacların kötükləri belə
qalmayıb.
Bu düşmənçilik, bu soyqırımı əsla unudulmamalıdır və
unudulmayacaq da!
Bu dəfə gözyaşları sevincdəndir
Doğulduğun yurdda azmaq, iz itirmək nə müsibət
imiş…
Bir az getmiş bələdçi soldakı ərazinin Ofelya ananın
axtardığı ata evi olduğunu söyləyir. Çatallarda Aslan kişinin o
topdağıtmaz evindən, ucu-bucağı görünməyən sıx bağından bir kiçik
yığın daş-kəsək qalıb.
Əslində, heç nə qalmayıb…
Hönkür-hönkür ağlayır ana…
Amma bu, itkinin acı göz yaşları deyil, əsla deyil!
Bu, qovuşmanın sevinc göz yaşlarıdır!
Toxdadıqdan sonra danışır ana…
– Bilirdim ki, doğulduğum evdən heç nə qalmayıb. Özümü illərlə
bu dəhşəti görməyə hazırlamışdım. Amma o böyüklükdə mülkün yerində
cəmi 20-30 qırıq kəsəyi görəndə yenə də heyrətləndim. Bu qədər də
olmaz axı… Mindən artıq ağacı olan o genişlikdə bağımızda bir
ağac demirəm, heç olmasa bir kötüyə də rastlamamaq ağırdır.
Amma bunların heç biri gözümdə deyil. Əvvəlkindən də yaxşı evi
tikəcəyik, əvvəlkindən də böyük bağı salacağıq. Əsas odur ki,
doğulduğum evdəyəm, Gülablımdayam, Ağdamımdayam,
Qarabağımdayam…
…Hə, indi tapdım, bura doqqazımızın ağzıdır. Buradan evimizə
200 addımdan çoxdur. Bu geniş həyətdə iməkləmişəm, yürümüşəm,
oxumuşam, buradan gəlin köçmüşəm… Burada biz 8 bacı-qardaş
yığılanda elə ailə içi sayımız 50-ni ötürdü. Qonaqlı-qaralı
evimizdə səs-küy qulaq batırırdı. Nə bilərdim ki, vaxt gələcək,
bura belə səssiz qalacaq…
Evimiz təpənin başındadır. Şüşəbənddən, həyətin başından kənd
ovuc içi kimi görünürdü. Amma o qədər çox yaşıllıq idi ki, evləri,
həyətləri görə bilməzdik… İndi isə… Hara baxıram,
xarabalıqlar…
Bu cığırla Ağacan kəhrizinə düşərdim. Səhənglərlə su daşıyardıq.
Kəhriz üstünün söhbətləri də, zarafatları da bir başqa aləm idi…
Eh, Gülablının suyundan harda var?!. Kəndin elə adı hər şeyi deyir. “Gül” və “ab”, yəni gül suyu, gül ətirli su…
Hansı səmtə, hansı bucağa baxıram, hərəsindən bir xatirə yada
düşür…
Kəhrizin lap başında qaynım Qaranın, ondan iki ev sonra da
Surxayın mülkləri idi… Aman Allah, bu ikimərtəbəli cah-cəlallı
evlərdən, bağ-bağatdan heç nə qalmayıb ki?!.
“Ağakərimlər öyü”nün lap başında gəlin getdiyim Qara İsmayılın
evidir… Bu mülkün heç xarabalığı da yoxdur ki… Evi ilə bağının
arasından yol keçirdi, ərazisi iki yerə bölünmüşdü. Vaxtilə qonşusu
qaynatamdan xahiş edir ki, onun həyəti üçün öz ərazisindən bir yol
açsın. O da “gor qonşusuyuq, yol verməsəm olmaz” deyərək, öz
həyətini ikiyə bölüb. Belə kişiləri olub Gülablının… Bir qarış
torpaq üçün qardaşların, qohumların indi bir-birilərinə qənim
olduqlarını hər dəfə eşitdikcə, bu əhvalatı danışıram…
Onların OĞLU mənə həyatda ən böyük yaxşılığı
etdi
Çatallardan Çıraqlıya doğru irəlilədikcə keçmişini yada
salır ana…
Artıq Gülablının hər qarışını tanıyır, hər yerini özü nişan
verir…
Bəli, düşmən ilk baxışdan Gülablını tar-mar edib, tanınmaz
hala salıb. Ancaq çox qısa zaman kifayətdir ki, bu obanın hər
qarışını yenidən xatırlayasan…
Kəndlə bağlı xatirələrini bölüşən Ofelya Hüseynova
Gülablının azad olunması xəbərini eşitdiyi anı da yada
salır…
– Noyabrın 9-u gecə eşitdik ki, Prezidentin çıxışı olacaq. 44
gün ərzində İlham Əliyev nə qədər çıxış etmişdisə, hamısına
baxmışdım, özü də dəfələrlə… Qarabağlı bu çıxışlara bəyəm baxmaya
bilər?!. Amma bu dəfə çıxışın artıq sübhə yaxın olmasından nə isə
daha mühüm məsələ olduğunu anlamışdıq.
Prezident düşmənin təslim olduğunu deyəndə, ardınca da
söyləyəndə ki, Ağdam da bir güllə atılmadan azad olunacaq, inanın,
ürəyim sevincdən az qaldı dayansın… Demək, Gülablı da azad
olunacaqdı…
Durdum, ağlaya-ağlaya gecə saat 3-də halva çaldım, bütün
şəhidlərin, “Gülablı” deyə-deyə həyatdan köçənlərimin ruhunu
çağırdım…
Heydər Əliyevlə Zərifə xanımın ruhlarını da əlbəttə ki,
unutmadım. Çünki onların yetişdirdiyi OĞUL mənə həyatda ən böyük
yaxşılığı etmişdi… Gülablımı mənə qaytarmışdı…
Səhəri diri gözlə açdım. Nəvələrim Mehdiylə Kərimi yanıma alıb
babaları Kərimin məzarını ziyarətə getdim. Onun sinə-daşına belə
bir beyt həkk etdirmişdik:
“Doğmalarım, əzizlərim,
Sizə vida edirəm mən,
Nə fayda ki, bu dünyadan
Ağdamımsız, Gülablımsız gedirəm mən,
Torpağımın yağılardan xilas günü,
O dünyaya mənə xəbər göndərin ki,
Dərdi-qəmi ata bilim,
Heç olmasa məzarımda
rahat-rahat yata bilim…”
Sinədaşında yazılmış bu ağrı ilə 13 il məzarında qovruldu
kişi… İndi onu muştuluqlamağa getmişdim…
Ordan hər iki Şəhidlər xiyabanına, sonra da Fəxri xiyabana
getdik… Zərifə xanımın məzarı başında Heydər Əliyev səmtə
baxa-baxa dua edir, ağlayırdım. Birdən bir polis narahatlıqla bizə
yaxınlaşdı. Dedim, oğul, narahat olma, bu kişiylə bu xanıma dua
edirəm, rəhmət diləyirəm ki, bu xalqa Qarabağı qaytaran qəhrəman
OĞUL bəxş ediblər…
Ağdamlıların bir xasiyyəti var, minnətdarlıq edəndə, onun özünə
alqış deməzdən əvvəl, ölənlərinə rəhmət oxuyar, balalarına dua
edərik. Mən məşədi xanımam, ömür vəfa etsə, Həcc ziyarətini də əhd
etmişəm. Hər halva çalanda, ibadətimdə Heydər Əliyevlə Zərifə
xanımı əzizlərim sırasında yad edirəm.
İndi də bax, bu müqəddəs Gülablıdan dua edirəm ki, biz
qarabağlıları yenidən həyata qaytaran İlham Əliyevin balalarını da
Allah sevimli bəndələri kimi qorusun, övladları onun kimi min budaq
olsun… İl-yarımdır bizim hər günümüzü toya-büsata çevirən İlham
Əliyev qoy Mehriban xanımla birgə tezliklə Heydərin toy-büsatını
Şuşada qursun…
Vətən qoxulu çiçəklər
Çatallarda, öz həyətindəki xarabalığın içindən boy atan lalə,
yasəməni qoparmağa ürək eləmir ana…
Əminliklə, – özü də qəti əminliklə, – deyir ki, bu çiçəklər 30
il idi bitmirdi: “Düşmənin ayağı dəyən Gülablıda çiçək bitməz!
Gülablı yağıya gül bitirməz!”
Yaralı torpağın köksündən cücərən bu yaz çiçəkləri indi həm də
Yeni Gülablının müjdəçiləridir…
Ofelya ilə Səadət – bu iki ana, nənə sanki qayğısız uşaqlıq,
yeniyetməlik, gənclik illərinə dönürlər…
Bu çiçəklərdən bir az dərib, kiçik dəstə bağlayırlar,
iyləyirlər…
Vətən qoxulu çiçəklər…
30 il həsrətində olduqları, rahiyəsini heç bir çiçəkdə, güldə
ala bilmədikləri Gülablı ətri…
Zarafatlaşırlar, gülüşürlər, xatirələrini sıraya düzürlər,
birdən hansısa kövrək məqam yada düşür, yenə də göz yaşları…
Ancaq bu dəfə göz yaşları Vətən torpağına damcılayır, Vətən
qoxulu çiçəklərə düşür…
Bu torpaq, bu çiçəklər öz övladlarına, onların hənirtisinə, göz
yaşlarına 30 il idi ki, təşnəydi, həsrət idi…
Bu tərtəmiz göz yaşları ilə Gülablı öz üzərindəki mənfur düşmən
izini silirdi, təmizləyirdi, saflaşırdı, 1992-ci ildəki halına
qayıdırdı…
Yarası ürəyimdə bir qara xal Gülablı…
Kalvallar məhəlləsinə doğru istiqamət götürürük… Səadət
Mehdiyeva 1956-cı ildə bu məhəllədə Allahverdi kişinin evində
dünyaya gəlib. Taleyini də qonşusu ilə – Cabbar kişi ilə
birləşdirib. Ağdam şəhərinə köçüblər, ev qurublar, 4 qız
böyüdüblər, sonra isə… Ağrı-acılı köçkünlük illəri…
Danışmağa göz yaşları, hıçqırıqları imkan vermir…
– Gülablıdan əvvəl Ağdam şəhərində evimizi ziyarət etdim. Amma
nə evimizi tapdım, nə də bir izini… Yalnız şəhər bombalananda
gizləndiyimiz hamamın beton talvarının kiçik bir qırıntısını
gördüm… O boyda evdən kiçik bir kəsək…
Füzuli küçəsində yaşayırdıq. Cabbarla birgə böyük çətinliklə,
zəhmətlə ev qurduq. Onun hər daşında mənim də alın tərim vardı.
Təminatlı həyatımız, dəbdəbəli evimiz, gülü bülbül çağıran gözəl
bağçamız vardı, əksər ağdamlılar kimi…
Deyirdik, nə dərdimiz var ki… Həftənin azı iki günü Gülablıya
gedərdik…
Tifaqımız birdən dağıldı, müharibə başladı. Aylar boyu atəşin,
bomba səslərinin altında yaşadıq. Həyətimizdə qəlpə izlərinin
sayı-hesabı yox idi. Artıq Gülablı da işğal olunmuşdu. 4 kiçik
qızımızla son günədək – 1993-cü il iyulun 22-dək Ağdamda
qaldıq.
O böyüklükdə mülkdən Cabbarın “Jiqulisi”nə sığışdırdığımız yüklə
çıxdıq… Bakıya gəldik… İllərlə yığdığını bir anda itirən
ailə… Evi, işi olmayan bir kişi və himayəsində 5 nəfər…
Həyata yenidən başladıq. Üzləşdiyimiz çətinlikləri, yaşadığımız
məhrumiyyətləri yada salmaq istəmirəm. 27 il nələr çəkdik, nələr…
İnanın, Ağdamın, Gülablının azad olunmasını eşidəndə onların
hamısını yaddaşımdan sildim…
Bir gün də Ağdamı, Gülablını unutmadıq. Bu illərdə ürəkdən gülə,
şənlənə də bilmədik. Əslində, həm də buna utandıq…
Ağdamdan çıxanda kiçik qızım Vüsaləylə dirrikdə lobya yığırdıq.
Paltarımızı da dəyişə bilmədik. Onun palçıqlı ayaqqabasını illərlə
saxladım, qorudum. O palçıq mənə çox əziz idi, o, Vətən torpağı
idi…
Nisgilimizi, ağrımızı Zəlimxan Yaqub da bayatıya çevirmişdi:
Çiçəyi bal Gülablı,
Qayası sal Gülablı.
Yarası ürəyimdə
Bir qara xal Gülablı…
Bu qara xalı ürəkdə 28 il gəzdirdik. Gülablını görməyən
körpələrimizdə kəndlərinə məhəbbət yaratdıq. Cabbar həmişə nəvəsi
Fatiməyə onu Gülablıya, Ağdama aparacağını danışırdı. Buna da
inanırdı. Amma ömür vəfə etmədi… İndi Ağdamdakı evindən,
Gülablıda doğulduğu həyətdən onun məzarına torpaq aparıram…
Kalvallar məhəlləsini sanki mənlə bərabər Cabbar da, atam-anam
da, qayınlarım da dolaşır…
Evlərimizdən əsər-əlamət qalmayıb. Eybi yox. Əsas odur ki,
torpağımız bizdədir. Onun üstündəkini istədiyimiz kimi yenidən
tikəcəyik, daha yaxşısını quracağıq…
İllər boyu Quzanlıda, Xındırıstanda dayanıb Ağdama, Gülablıya
sarı baxanda “kaş ki, qanadlanıb, bu yerlərə gələrdim” deyə
düşünürdüm. İndi bu qanadı mənə Prezidentimiz verdi, şəhidlərimiz
verdi, qəhrəman əsgərlərimiz verdi…
Gülablının yaylağında tapdım səni,
xarıbülbül…
Mətanət Hüseynlinin sevincinin həddi-hüdudu yoxdur. Doğma
kəndi ilə bərabər, xarı-bülbülünə də qovuşub. Bəlkə də çoxları
bilmir. Tapdığı bu möcüzəli çiçəyin iki Vətəni var: dağın o
başındakı Şuşa, bu üzündəki Gülablı…
Gülablı tarixən Şuşa qəzasına aid olub, ötən əsrin 20-ci
illərində Ağdam ərazisinə qatılıb. Kənddən Şuşaya meşənin içi ilə “Qala yolu” adlanan yol da vardı. Vaxtilə Mirvarid Dilbazi də
Gülablıda istirahət edərkən ona xarıbülbül hədiyyə olunub və Xalq
şairi buna şeir həsr edib:
Çox gəzmişəm sorağında,
Doğma vətən torpağında.
Gülablının yaylağında
Tapdım səni, xarıbülbül…
Xarıbülbül Mətanətə uşaqlığını yada salır:
– Yazda Haçadağdan xarıbülbül yığardıq. Gülablını xatırlayanda
da nədənsə yaddaşıma ilk bu çiçək gələrdi. Ağdamda keçirilən
sonuncu “Xarıbülbül” festivalında da atamla iştirak etmişdim…
İndi də 30 ildən sonra ilk səfərimdə əsgər qardaşlarımın dağdan
yığdıqları bu çiçəyi görəndə bunu möcüzə sandım. Gülablı məni
xarıbülbüllə qarşılayırdı… Demək, Gülablı bizdən küsməyib,
inciməyib. Ya da küssə də, incisə də, artıq bağışlayıb…
Ağdam həyatım o qədər gözəl keçirdi ki… Sinfin öncüllərindən
idim, “Lenin yolu” qəzetində yazılarım tez-tez dərc olunurdu. Rayon
radiosunda mütəmadi çıxışlar edirdim…Tədbirlərdə həmişə öndə
idim…
Heç unutmuram. İyulun 22-si Ağdamı tərk etdik. Yolda atam
qəfildən maşınını saxladı və bizə dedi ki, düşün şəhərə baxaq.
Ağdamın hər səmtindən tüstü qalxırdı… Ağdam artıq bizim
deyildi… Bunu o vaxt anlamaq böyük dəhşət idi… Hamımız
ağlaşırdıq… Və bir də o vaxtadək duymadığım, sonra da heç vaxt
hiss etmədiyim qəribə yanıq qoxusu gəlirdi Ağdamdan… Ağdamın ruhu
yanırdı…
Həyatımın böyük hissəsi Gülablısız, Ağdamsız keçib. Burada
keçirdiyim illər köçkünlük həyatında həmişə mənə güc, qüvvət verib.
Heç unutmuram, Ağdam şəhərində təhsil aldığım 5 saylı məktəbdə son
iki ildə dərslərə ara verilmişdi. Köçkünlüyün ilk vaxtlarında
Bakıdakı məktəbdə çətinliklə üzləşdim. Uşaqlar iki ildir kimya
keçir, amma mənim, ümumiyyətlə, bu dərs barədə anlayışım yox idi,
eləcə də digər dərslərdən çox geri qalmışdım. Amma köçkünlüyün
bütün çətinlikləri ilə yanaşı, bu problem də məni, bacılarımı
sındırmadı. Həyata beş əllə tutunduq…
Qarşımıza düzgün məqsəd qoyduq, hədəfə doğru yolla addımladıq.
Qəlbi qırıq, ürəyi nisgilli valideynlərimizi tələbə adlarımızla
sevindirdik. Sinifdə ali məktəbə daxil olan azsaylı şagirdlər
sırasında idim, özü də təsadüfə bax, kimya-biologiya müəllimliyi
ixtisasına qəbul olunmuşdum…
Köçkünlük həyatı çətindir, zülmdür. “Qaçqınlar” sözünü bəzən
rişxənd, bəzən məzəmmət kimi eşitdik. Sarsıldıq da, təkləndik
də…
Bakıya öz istəyimizlə, kefimizdən gəlmədiymizi anlamayanlar da
oldu… Bizim uğurlarımızın yanında öz uğursuzluqlarını görənlər
tənələr, acı eyhamlar dedilər…
Onlara cavabı hər dəfə sözümüz yox, məhz bacarığımız, biliyimiz
verdi…
Bir ömür bax, beləcə keçdi, özünü təsdiq etmək borcu ilə…
2020-ci ilin 20 noyabrında Müzəffər Komandanımızın xalqa
müraciətində söylədiyi “Əziz ağdamlılar, siz artıq köçkün
deyilsiniz” sözünü eşidəndə hönkür-hönkür ağladım…
Bu sözü illər boyu gözləmişdim…
Artıq heç kimə nəyisə sübut etməyəcəkdim, artıq köçkün
deyildim!..
Bütün həyatım boyu eşitdiyim ən gözəl söz idi bu…
Hər dəfə Prezidentimiz “keçmiş köçkünlər” deyəndə sevincdən
ağlayıram, hər dəfə ağlayıram!..
İndi nə Ağdam şəhərindəki evimizdən əsər-əlamət qalıb, nə
Gülablıdakı baba yurdumdan bir iz… Amma bu 27 ildə o qədər başqa
faciələr gördük ki, bu itkilərə ağlamırıq, dözümlüyük…
Düzdür, kədərliyəm, hara baxsam uşaqlıq xatirələrimin
xarabalıqlarını görürəm. Amma bu qüssəni unutduran sevinc
var…
Ağdamda, Gülablıda olmaq sevinci…
Biz qayıtdıq, Vətən!..
Vətəndə “vətənsizlik” dərdi bitdi
Gülşən Hüseynovaya da tale yeniyetməlik dövründə məcburi
köçkünlük qismət edib. Əslində, bütün köçkünlər bir-birilərinə
bənzəyir. Dərdləri, itkiləri, müsibətləri ilə… Birində bir az
artıq, digərində bir az kiçik olar bu ağrılar… Amma hamısını
köçkünlüyün ümumi iztirabları, məşəqqətləri birləşdirir…
Bu əzabların hamısından keçib Gülşən:
– Nənəmin Gülablıdakı doğulduğu, böyüdüyü evini gördüm.
Uşaqlığımın keçdiyi bu həyətdə indi nə bir ağac var, nə üst-üstə
iki daş… Yolboyu diqqətlə, ağlayaraq baxırdım, indi bütün Ağdam
belədir…
İnsanın öz vətənində “vətənsizəm” deməsi böyük dərddir. Bu
dərdlə böyüdüm mən… Qızım Qəmərin indi olduğu yaşda köçkünlük
həyatım başladı. Məktəb otağında, çadır şəhərciyində, sonra köçkün
qəsəbəsində yaşadıq. Müharibənin dəhşətindən çıxıb köçkünlüyün
dəhşətinə düşmüşdük…
Müharibə dövründə İsmayılbəyli kəndində yaşayırdıq. 5 övladını
minbir zülmlə böyüdən atam-anam zəhmətlə böyük bağ-bağatlı ev
qurmuşdular. O qədər gözəl idi evimiz… Amma doyunca yaşaya
bilmədik…
İndi o gözəl evimizdən 10-15 qırıq daş kəsəyi qalıb… Bu gün
oranı da ziyarət etdik… Quru daş-kəsəyi sığalladım, qoy bilsinlər
ki, sahibləri qayıdıb…
Bu evdə o qədər xoşbəxt idim ki… 1991-ci ildən müsibət
başladı. İki il hər gün aramsız bomba, atəş altında yaşadıq, əgər
büna yaşamaq demək olarsa… 1993-cü ilin 22 iyulunu heç unutmuram.
Şəhid qohumumuzun yas mərasimi idi. Günorta xəbər gəldi ki, Mərzili
istiqamətindən ermənilər gəlir, artıq kəndin aşağı
hissəsindədirlər. Yəni aramızda cəmi 1 kilometr məsafə qalmışdı.
Ehsan qazanları odun üstündə qaldı…
Kinolarda gördüyümüz dəhşəti mən öz həyatımda yaşadım…
İnsanlar pərən-pərən düşdü… Uşaqların qışqırıqlarını, övladlarını
axtaran anaların bağırtılarını, ailəsini bir yerə yığmağa çalışan
ataların həyəcanını, “bizi qoyun gedin, biz sizi ləngidəcəyik”
deyən qocaların gözyaşlarını ömrümün son saniyəsinədək
unutmaram…
Camaatı çıxartmağa maşın da yox idi. 10 dəqiqəyə kəndi tərk
etdik… 10 dəqiqəyə özümüzlə nə götürə bilərdik ki… Quru
canımızdan başqa heç nə…
Uşaqlı-böyüklü hamımız piyada üz tutduq şəhərə sarı… Şəhərə
çatar-çatmaz xəbər gəldi ki, artıq ermənilər Ağdamın
ayağındadır…
Belə tərk etmişdim Ağdamımı…
Gözyaşı, bombalar altında piyada və məğlub çıxdığım doğma
yurduma indi qalib kimi qayıtdım…
Diriliş
Ağbirçəklər öndə, gənc xanımlar da onların ardınca Gülablını
seyrə çıxıblar…
Təpənin başından Kənd tirəsi, Cəfərxanlar, Məmmədxanlar, Qaya
qabaqlı, Suanverdilər, Divanlılar, Mapılar məhəllələrini artıq
aydın seçirlər. Gülablının dillər əzbəri olan kəhrizləri, bulaqları
isə quruyub. Bir tək “Nazlı bulaq” qalıb…
Gülablının mühafizəsini təmin edən qəhrəman hərbçilər ziyarət
olunur, ağbirçəklərin əhd etdikləri qurbanlar kəsilir, əsgərlərə
Ramazan süfrəsi açılır…
Sonrakı ünvan Abdaldır. Böyüklərimiz həmişə deyiblər, Gülablı
ilə Abdal qonşu kəndlər deyillər, onlar bir kəndin iki böyük
məhəlləsidir! Biz bir elik, bir obayıq, bir dərdin sahibləriyik,
xeyrimiz də birdir, şərimiz də… Ona görə də Abdalı görmədən
Gülablı ziyarəti əsl ziyarət olmaz…
Azərbaycanın ən məşhur kurortlarından sayılan Abdal
sanatoriyasından elə bütün kənd kimi, əsər-əlamət qalmayıb. Tar-mar
edilib, yandırılıb, daşı daş üstdə qalmayıb Abdalın… Cənnətin ta
özü olan Abdal indi xarabalığa çevrilib…
…Gülablını tərk edirik. Avtomobildə qəribə bir
sükut var. Heç kim danışmır… Bu qəhərlənmiş insanların üzündə
qüruru, məğrurluğu, məmnunluğu, rahatlığı aydın seyr edirəm… Bu
əzizlərimi, doğmalarımı, ailə üzvlərimi, elə özümü, sözün düzü, heç
vaxt belə ovqatda görməmişəm.
5-6 saat içində 30 ilin dərd yükündən, hüznundən,
əzabından xilas olduq…
Və birdən anlayıram: bu,
dirilişdir!..
Kökünə, şəcərəsinə, özünə qayıdan insanların yenidən
dirilişi, doğuluşudur!..
Talan edilən kənd, dağıdılmış qəbiristanlıq geridə
qalır…
Qarşıda inkişafın, quruculuğun gözəl nümunələri olan
kəndlər, qəsəbələr, şəhərlərdir. Əminik ki, Ağdam da, Gülablı da
tezliklə bu incilərin ən parlaq ulduzlarına
çevriləcək…
Şuşada bayraq dalğalandıran, Ağdamı bir güllə
atmadan azad edən, bizə Gülablını qaytaran, dualarımızın və
alqışlarımızın baş ünvanı olan MÜZƏFFƏR ALİ İRADƏ bunu da
edəcək…
İxtiyar HÜSEYNLİ,
“Azərbaycan” qəzetinin baş redaktor
müavini,
əməkdar jurnalist