Göyçayda polis əməkdaşı döyülüb.
Göyçay rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aprelin 27-i saat 16 radələrində Göyçay rayonunun Bığır kəndi
ərazisində rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq
olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə Bığır kənd
sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının Bığır
kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına
gələrək mübahisə yaratmış, bu zaman onu sakitləşdirməyə çalışaraq
nizam-intizama dəvət edən RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin
polis sahə rəisi Şahin Xalidovun qanuni tələblərinə məhəl
qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq
həmin lövhənin bir hissəsi ilə sonuncuya vurması nəticəsində Şahin
Xalidov sol qulaq seyvanının səthi kəsilmiş yarası xəsarət
alıb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin
315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor
tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Nursoltan Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa
cəlb edilib.
Cinayət işi üzrə istintaq davam edir.