Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul
olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib, altı nəfər həbs
edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Göyçay
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
kultivasiyası, onların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə
qarşı birgə silsilə əməliyyatlar keçirilib. Keçirilmiş tədbirlərlə
altı nəfər tutularaq məsuliyyətə cəlb edilib, ümumilikdə 17
kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən
çıxarılıb.
Daxil olmuş məlumat əsasında rayonun Bığır kəndində polis
əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik tərkibli
bitkilərin kultivasiyasında şübhəli bilinən keçmiş məhkum Azad
Cəlilov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman
həyətyanı sahədəki istixanada, pomidor şitillərinin arasında
aqrotexniki qulluq göstərməklə yetişdirdiyi 269 ədəd çətənə
bitkisi, eləcə də 200 qramdan artıq qurudulmuş marixuana
qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Keçirilən digər əməliyyat tədbiri nəticəsində isə əvvəllər
məhkum olunmuş rayon sakinləri – narkotik vasitələrin qanunsuz
dövriyyəsi və xuliqanlıq cinayətlərinə görə, 20 il məhkumluq həyatı
yaşayan Polad Qəribov və Nicat Hacıyev saxlanılıb. Şəxsi axtarış
zamanı saxlanılanların hər ikisindən külli miqdarda heroin
aşkarlanıb.
Göyçay şəhəri ərazisində keçirilən digər əməliyyat zamanı isə
daha 3 nəfər, əvvəllər də narkotik vasitələrin qanunsuz
dövriyyəsinə görə məhkum olunmuşlar-Nəriman Rəhimov, Qabil
Pirəliyev və Elvin Məmmədov tutulub. Onlardan bükümlərdə heroin və
psixotrop maddə olan metamfetamin götürülüb. N.Rəhimov ifadəsində
üzərindən aşkarlanan narkotik vasitələri sosial şəbəkədə tanış
olduğu əcnəbi narkotacirdən onlayn yolla 200 manata aldığını
bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslərin
hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri
seçilib.