Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması, beynəlxalq
standartlara uyğunlaşdırılması istiqamətində cari ildə inşası və
əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş avtomobil yolları
ilə bağlı kompleks tədbirlər davam etdirilir.
AAYDA-dan AzerTimes-a bildirilib ki, bu istiqamətdə Goranboy
rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
Prezidentin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi tərəfindən aparılan işlər sona çatdırılıb.
Yenidən qurulan və 14 min nəfər əhalinin yaşadığı 6 yaşayış
məntəqəsini birləşdirən
Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil
yolunun uzunluğu 16 kilometrdir.
Torpaq və çınqıl örtüklü olması yaşayış məntəqələri arasında
nəqliyyat əlaqəsini xeyli çətinləşdirdiyi, əhalinin rahat
gediş-gəlişinə maneə yaratdığı üçün əsaslı şəkildə yenidən
qurulması zəruri olan avtomobil yolu texnoloji ardıcıllığa uyğun
olaraq 2 hərəkət zolağı enində və IV texniki dərəcəyə uyğun şəkildə
inşa olunub.
Layihə üzrə yolun hərəkət hissəsinin eni 6, çiyinlərin eni isə
hər bir istiqamət üzrə 2 metr təşkil edir.
Görülən işlər çərçivəsində yolun torpaq yatağının bərpası üçün
yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə
çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan
hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt
tökülərək yayılıb, yol genişləndirilib. Torpaq yatağı hazır olan
hissələrdə yeni yol əsası inşa edilib, ardınca yol əsasının alt və
üst layının tikintisi yerinə yetirilib.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək
məqsədilə mövcud borular yeniləri ilə əvəzlənib, yolboyu su
keçidlərinin, müxtəlif diametrli dəmir-beton suötürücü boruların
tikintisi aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolda
mövcud olan 2 ədəd bir aşırımlı körpülərin əsaslı şəkildə təmiri də
layihə çərçivəsində icra olunub.
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə
əsasən yolun asfaltlanması işlərinə başlanılıb, yola 2 laydan
ibarət yeni asfalt-beton örtüyü döşənib.
Keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yol boyu
5 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün
üfüqi nişanlama xətləri çəkilib, yol nişanları və məlumatverici
lövhələr, siqnal dirəkləri quraşdırılmaqla müasir yol
infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən,
avtomobil yollarının müasirləşdirilməsi bölgələrimizin turizm, kənd
təsərrüfatı potensialını da gücləndirir. Sözsüz ki, Goranboy
rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami
avtomobil yolunun tikintisinin də icrası yolboyu yerləşən yaşayış
məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək,
yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini
rahatlaşdıracaq.