Xəbər - Fərid Zöhrabov – Trend:
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat
İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında mobil
telefonların və aksesuarlarının qanunsuz olaraq ölkə ərazisinə
gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitədən Trend-ə verilən məlumata görə, Baş İdarənin “Qırmızı
Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “Mercedes Benz”
markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu sual
olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük
nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin
olmadığını bildirib.
Lakin nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə
gömrük baxışı keçirilən zaman şübhəli cizgilər müşahidə edilib.
Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərində 97 ədəd
“iPhone 13” markalı mobil telefon qutusu, 42 ədəd “İphone 13”
markalı usb, 10 ədəd “Model M-2” markalı mobil telefon və ona aid
olan 10 ədəd qidalandırıcı başlıq, 3 ədəd “Meizu” markalı mobil
telefon, 28 ədəd “Baofeng” markalı rabitə vasitəsi və ona aid olan
52 ədəd qidalandırıcı başlıq, 45 ədəd qulaqlıq, 14 ədəd batereya, 7
ədəd mobil telefon mikro-sxeması, 6 ədəd telefon ekranı və 2 ədəd
elektron saat aşkar edilib.